Azərbaycanda Frankofoniya Həftələri başlayır

1-14 aprel tarixlərində Bakıda növbəti Frankofoniya Həftələri keçiriləcək.
1news.az xəbər verir ki, Frankofoniya Həftələrində Belçika, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldova, Meksika, Rumıniya, İsveçrənin Azərbaycandakı səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iştirak edir.
Frankofoniya Həftələrinin təqdimat mərasimində Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku bildirib ki, ölkəsi Frankofoniya təşkilatının fəal üzvlərindəndir. Bu il Rumıniya üçün həm də yubiley ilidir. Belə ki, Rumıniyanın bu təşkilata üzvlüyünün 25 ili tamam olur. Ötən müddət ərzində Rumıniya fransız dilinin yayılmasında aktiv rol oynayıb. O bildirib ki, Rumıniya 2018-ci ilin mayında Frankofoniyaya üzv dövlətlərin Parlament Assambleyası konfransına, üzv dövlətlrdən oan iştirakçılar üçün yay düşərgəsinə ev sahibliyi etməyə hazırlaşır.
Moldovanın Azərbaycandakı səfiri George Leuka isə ölkəsində xüsusilə, gənclər arasında fransız dilində danışanların sayının artdığını deyib. O, Moldova səfiliyinin ilk dəfə olaraq Bakıda keçirilən bu tədbirdə iştirak etdiyini vurğulayıb və tədbirlər proqramı barədə məlumat verib.
Meksikanın səfiri Rodiriqo Labardini isə fransız dilindən ölkəsində bir sıra sahələrdə, xüsusilə Meksika mədəniyyətində, qastronomiya və memarlığında geniş istifadə olunduğunu vurğulayıb.
Mərakeş səfirliyinin nümayəndəsi Anis Zaidi Frankofoniya həftələrinin fransız dilli ölkələrin mədəniyyətini təqdim etmək imkanı olduğunu deyib.
Digər ölkələrin səfirləri və diplomatları da nəzərdə tutuln tədbirlər proqramı barədə məlumat veriblər.
Qeyd edək ki, Frankofoniya, dünya üzrə 5 qitədə yaşayan 274 milyon kişi və qadını ümumi dil, fransız dili ətrafında bir araya gətirir. 1970-ci ildən etibarən Beynəlxalq Frankofoniya Təşkilatına (BFT) fransızdilli Dövlət və hökümətlər qoşulub. BFT-ı, hal-hazırda, fransız dili və İnsan Hüquqları kimi mənəvi dəyərləri (insan hüquqlarına hörmət, kişi və qadın bərabərliyi, söz azadlığı və s.) özündə birləşdirən 84 Dövlət və höküməti (58 üzv və 26 müşahidəçi ölkələrini) bir araya gətirir.
Dünya üzrə hər il, mart və aprel ayları ərəfəsində ifadələrə həsr olunan müsabiqələr, tamaşalar, kinofestivallar, ədəbi görüşlər, gastronomik görüşlər və sərgilər vasitəsilə Beynəlxalq Frankofoniya Günləri qeyd olunur..
P.Sultanova