ETSN: Bakıda tozun miqdarı normadan 40 faiz yuxarıdır - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirlikdən 1news.az-a bildiriblər ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, martın 29-da Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18-də bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 9-da həmin göstərici 20, 12-da 25, 15-da 32 faiz sanitar normadan yuxarı olub.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanın səbəbi Ərəbistan yarımadasından atmosfer axınları ilə ölkə ərazisinə zəif toz dumanının daxil olmasıdır.
16:38
Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.
1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 09:00-da bu göstərici 20 faiz, 12:00-da 25 faiz sanitar normadan yuxarı olub.
S.Xankişiyeva