“Milli şura”nın din qardaşlığı və yaxud, anti-Azərbaycan qüvvələr qarşısında yeni öhdəlik
Azərbaycanda seçkiöncəsi ictimai-siyasi mühitin normal olması, qeydə alınmış prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları üçün heç bir məhdudiyyətin olmaması, xalqın seçki prosesini maraqla izləməsi və təqdir etməsi yerli və xarici anti-Azərbaycan qüvvələrin böyük narahatlığına səbəb olub.
Seçkiləri boykot edərək hakimiyyət uğrunda sivil mübarizə aparmaq istəmədiyini bir daha sübut edən “milli şura” adlanan qurumun radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması Azərbaycanın əleyhinə olan təxribatçı qüvvələrin yeni öhdəlik götürdüklərindən xəbər verir.
Xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşa, vətəndaş itəaətsizliyinə səsləyən “milli şura” və Azərbaycanda “cihad” arzusunda olan radikal dindarları birlikdə fəaliyyət göstərməyə təşviq edən başlıca səbəblərdən biri Azərbaycanda hakimiyyət-xalq vəhdəti və birliyi amilidir.
Məhz bu amil istər xaricdəki, istərsə də daxildəki mənfur dairələrin ciddi təlaşına səbəb olmaqdadır. Bu baxımdan, onlar hər vəchlə bu sarsılmaz birliyə qarşı çıxış edərək, qaranlıq niyyətlərini reallaşdırmağa cəhdlər göstərirlər. Radikal dindarlarla “Milli Şura”nın vahid koordinasiya mərkəzində bir araya gəlmələri də bunu ehtiva etməkdədir.
“Milli şura” və radikal dindarlar Azərbaycan hakimiyyətindən ölkədəki sabitlik və tərəqqi üçün, Azərbaycan xalqından isə onları daim müxalifətdə saxlaması, hər zaman mütərəqqi ideyaların daşıyıcısı olduğu üçün qisas almaq istəyir.
İran prezidentinin Azərbaycana səfərinə iki gün qalmış, Milli Şura ilə radikal dindarların tələm-tələsik bir araya gələrək vahid koordinasiya mərkəzi yaratdıqlarını elan etməsi bir daha bu qüvvələrin Azərbaycan üçün nə qədər yad olduğunu və düşmən münasibəti bəslədiyini göstərir.
Anti-Azərbaycan, anti-İslam fəaliyyəti ilə tanınan bəzi Qərb institutlarının müəyyən etdiyi istiqamət üzrə hərəkət edən Əli Kərimli martın 31-də keçirəcəyi mitinqində radikal dindarların iştirakını təmin etmək məqsədilə bir-birinə zidd qütblər arasında manevr etməyə çalışır. Bundan əvvəlki mitinqin biabırçılıqla nəticələnməsi onu bu addımı atmağa sövq edir.
“Milli şura” və radikal dindarların başlıca hədəfələrindən biri Azərbaycan xalqı ilə hakimiyyət arasında gərinlik yaratmaq, ölkəni döyüş poliqonuna çevirməkdir. Bu məqsədlə qarşıya qoyulan vəzifələrdən biri müxtəlif təxribatlar törədərək mümkün qədər çox mitinq iştirakçısının həbs olunmasına nail olmaqdır.
Əli Kərimli ilə Tale Bağırzadənin yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlini təşkil edən məqsəd və öhdəlik seçkiöncəsi və seçkidən sonra Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir.
Azərbaycana düşmən kəsilən qüvvələr məqsədlərinə nail olmaq üçün sosial şəbəkələrdən geniş istifadə etməyə çalışırlar. Belə ki, Azərbaycanda heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan “milli şura” və radikal dindarlar formalaşdırdıqları trol dəstələri vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiya tirajlayır, dövlət və dövlətçilik üçün zərəli ideyaların yayılması ilə məşğul olurlar. Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə təhqir etməkdən çəkinmirlər.
Əminlklə demək olar ki, “milli şura” vətəndaş qarşıdurması yolu ilə Azərbaycan dövlətçiliyini məhvə doğru sürükləmək, radikal dindarlar isə ölkədə dünyəvi quruluşu ləğv etmək və şəriət qanunlarına əsaslanan rejim yaratmaq niyyəti güdürlər. Bu iki qeyri-konstruktiv qüvvənin bir araya gəlməsi Azərbaycan xalqı üçün yaxşı heç nə vəd etmir.
Məsələyə münasibət bildirən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, tanınmış ictimai xadim Azər Həsrət ilk öncə “milli şura”nın seçkiləri boykot etməsi il bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, “milli şura” adlanan qurum seçkiləri boykot etməklə bağlı bəyanat verməklə əslində özünü oyundankənar vəziyyətdə qoydu:
“Bu da səbəbsiz deyildi. Çünki onlar öz güclərinə bələddirlər və bilirlər ki, seçkiyə qatılsalar, namizdələri ilə seçkidə iştirak etsələr çox biabırçı bir məğlubiyyətə uğrayacaqlar. Onların arxasında xalqın dəstəyi, geniş seçici dəstəyi yoxdur. Yəni, rəsmən məğlubiyyətə uğrayacaqlar, bunu da bütün dünya görəcək və biləcəklər ki, bunlar siyasi güc olaraq əslində meydanda yoxdular. Buna görə də çıxış yolunu boykotda gördülər. Ancaq boykot da sözlə olmur. Boykot o deməkdir ki, sən seçkinin ümumiyyətlə, baş tutmasını əngəlləməlisən. Yəni əlindən gələni etməlisə ki, seçicilər seçkiyə getməsinlər, səs verməsinlər, heç bir namizəd lazım olan qədər səs faizini toplaya bilməsin. Bütün bunların baş verməsi üçün də təbii ki, o siyasi qüvvənin arxasında xalqın, seçicilərin gücü olmalıdır. Bu güc olmadığına görə də onlar ortalığı qarışdırmaq, ehtirasları coşdurmaq üçün müxtəlif əməllərə əl atırlar”.
“Milli şura”nın radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratmasına da toxunan Azər Həsrətin fikrincə, bu fakt onu deməyə əsas verir ki, “milli şura” adı altında birləşən qüvvələr şəxsi məqsədlərini təmin etmək üçün hətta Azərbaycana düşmən olan istənilən qüvvələrlə belə işbirliyinə gedə bilərlər:
“Məlum olduğu kimi, bu yaxınlarda “milli şura” adlı qurum radikal dindarlarla işbirliyi ilə bağlı ortaq məxrəcə gəldi. Bunlar artıq əllərinin hər yerdən çıxdığını görəndə, Azərbaycan xalqından heç bir dəstək ala bilməyəndə nicatı Azərbaycana düşmən kəsilmiş radikal, fanatik dindarlarda görürlər. Artıq onlar bu yolla dünyanın lənətlədiyi terrorçu qruplara da gedib birləşə bilərlər. Belə anlaşılır ki, bu adamların son məqsədi siyasi hakimiyyət deyil. Onlar şəxsi məqsədlərini təmin etmək üçün istənilən adamla, istənilən qüvvə ilə, istənilən təşkilatla, hətta antimilli deyə biləcəyimiz qüvvələrlə də işbirliyinə gedə bilərlər”.
Milli şuranın özəyini təşkil edən və hazırda Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin milliyyətçi demokrat Əbülfəz Elçibəyin qurduğu milli xəttə söykənən bir təşkilat olduğunu deyən Azər Həsrətin sözlərinə görə, hazırda təşkilatın fəaliyyəti Əbülfəz Elçibəyin müəyyənləşdirdiyi xətdən tamamilə fərqlənir:
“Təəssüflər olsun ki, bu gün Əbülfəz Elçibəyin o mirası üzərində varislik iddiasında olan Əli Kərimli öz liderinin, yəni, Əbülfəz Elçibəyin cızdığı o xətdən imtina etməklə qalmayıb, ona xəyanət etməklə məşğuldur. Əbülfəz Elçibəy bu gün sağ olsaydı təbii ki, radikal dindarlarla bir sırada addımlamaqdan nəinki imtina edərdi, buna heç imkan verməzdi. Onun ideologiyası elə qurulmuşdu, elə hesablanmışdı ki, orda xüsusən də İrandan qaynaqlanan radikal dindarlara heç bir yer ola bilməzdi. Amma bu gün utanmadan Əbülfəz Elçibəyin yolunun davamçısı olduğunu iddia edən Əli Kərimli gedib məhz Əbülfəz Elçibəyin düşmənləri ilə birləşir və Azərbaycan dövlətinə qarşı addımlara rəvac verir. Bu adamların, bu təşkilatların mahiyyəti bundan ibarətdir. Ona görə də onların bəyan etdikləri boykot baş tutan deyil. Çünki Azərbaycan xalqı qarşıdurma deyil, ölkədə sabitliyin davamlılığını istəyir. Buna görə də “milli şura” və hazırda işbirliyi içərisində olduqları radikal dindarlar bu ölkədə heç nəyi dəyişə bilməyəcəklər”.
1news.az