Əflatun Amaşov: Məqsəd ölkədə qarşıdurma yaratmaq, seçkiöncəsi aranı qarışdırmaqdır

Bakıda "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi" mövzusunda tədbir keçirilib.
1news.az xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Avropada məskunlaşmış bəzi şəxslər heç bir etik normalara məhəl qoymadan Azərbaycana, Azərbaycanın dövlət başçısına, ayrı-ayrı şəxslərə qarşı qarayaxma kampaniyası aparırlar. Məqsəd ölkədə qarşıdurma yaratmaq, seçkiöncəsi aranı qarışdırmaqdır.
Onun sözlərinə görə, hətta mövcud hakimiyyəti dəyişməklə bağlı çağırışlar da səsləndirilir: “Bu məsələ ilə bağlı aidiyyəti qurumlar məşğul olmalıdır. Çünki bu cür çağırışlar cinayət xarakterlidir”.
Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, bəzi şəxslərin xarici ölkələrdə oturaraq Azərbaycana, ayrı-ayrı şəxslərə qarşı çirkin kampaniya aparmaları təəssüf doğurur. Onun sözlərinə görə, söyüş və təhqir heç vaxt mübarizə metodu olmayıb: “Bu cür halları qınayıram. Onlara qarşı mübarizə aparmalı, bir cəbhədə birləşməliyik. Heç kim bu məsələdən kənarda qalmamalıdır”.
Millət vəkili Aqil Abbas deyib ki, Azərbaycana qarşı çirkin kampaniya aparanlar heç vaxt öz məqsədlərinə nail olmayıblar. Onlara layiqli cavab verilib, bu gün də verilir. Bu işlə birbaşa xaricdəki səfirliklərimiz və hüquq-mühafizə orqanları məşğul olmalıdır.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında vurğulayıb ki, bu insanlar Azərbaycandan, Azərbaycan vətəndaşlığından imtina etmiş şəxslərdir. Məqsədləri də bəllidir. Orta məktəblərdə onlayn media dərslərinin keçirilməsi təklif olunmalıdır ki, balalarımızı İnternetdəki zərərli təsirlərdən qoruyaq:
“Eyni zamanda vahid mövqedən çıxış edən, Azərbaycana, milli maraqlarımıza qarşı çıxış edən dairələrlə mübarizə aparmaq üçün bir vətəndaş xartiyasını yaratmağı təklif edirəm”.
Babək Cahandarov