Azərbaycan dili imtahanında iştirak edəcək rus bölməsi abituriyentlərinin nəzərinə! | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan dili imtahanında iştirak edəcək rus bölməsi abituriyentlərinin nəzərinə!

11:47 - 30 / 03 / 2018
Azərbaycan dili imtahanında iştirak edəcək rus bölməsi abituriyentlərinin nəzərinə!

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olunmaq istəyən rus bölməsinin abituriyentləri, yəni elektron ərizələrində imtahan verəcəkləri dil kimi rus dilini seçən abituriyentlər Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

1news.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər ki, həmin abituriyentlər üçün Azərbaycan dili fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.

Birinci Azərbaycan dili imtahanında iştirak etmək istəyən rus bölməsinin abituriyentləri mütləq aprelin 10-da saat 23:59-dək elektron ərizələrini təsdiqləməlidirlər (əlavə qeydiyyat tələb olunmur). Qeyd olunan tarixədək elektron ərizələrini təsdiqləməyən abituriyentlər birinci Azərbaycan dili imtahanına buraxılmayacaqlar. Yəni aprelin 11-dən 30-dək ərizələrini təsdiqləyən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər.

Aprelin 10-dək ərizələrini təsdiqləyən rus bölməsinin abituriyentləri ilk imtahanda iştirak edə bilmədikləri və yaxud imtahandan “qeyri-məqbul” qiymət aldıqları halda ikinci Azərbaycan dili imtahanında iştirak etmək üçün mayın 18-dən 29-dək əlavə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və 2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan rus bölməsinin abituriyentlərinin nəticələri bu il də qüvvədə qalacaq və həmin abituriyentlər yenidən Azərbaycan dili fənni üzrə imtahan verməyəcəklər.

S.Xankişiyeva

 

 

 

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər