"Misir Azərbaycan uşaqlarının gözü ilə" rəsm sərgisi - FOTO

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzin və “Esmeralda” Rəsm Studiyasının birgə təşkilatçılığı ilə “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi keçirilib.
1news.az xəbər verir ki, sərginin açılışında iştirak edən Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim bildirib ki, Misirlə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələr birgə əməkdaşlığın möhkəmləndirilməsində və xalqlarımız arasında qarşılıqlı anlaşmada mühüm rol oynayıb.
Onun sözlərinə görə, mədəni əlaqələr qurulduğu andan davamlı şəkildə inkişaf edib. Misirlə Azərbaycan arasında elmi-mədəni əməkdaşlıqda canlı bir körpü rolunu oynayan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Misir incəsənətinin və mədəniyyətinin özəlliklərini çatdırmaqda öz töhfəsini verir.
Sonra çıxış edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Azərbaycanlı gənclərin incəsənətə, mədəniyyətə böyük maraqlarından söz açıb, Misirdə keçirilən beynəlxalq rəsm müsabiqələrində yüksək nəticələr əldə etmiş qaliblər haqqında məlumat verib.
“Esmeralda” Rəsm Studiyasının rəhbəri rəssam Esmeralda Tağızadə 2011-ci ildən etibarən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlıqdan, birgə həyata keçirilmiş layihələrdən danışıb, Azərbaycan Rəssamlaq İttifaqında, Azərbaycan Rəssamlıq Akademiyasında keçirilmiş sərgilər barədə məlumat verib.
Sonda ziyarətçilər “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisində nümayiş etdirilən əsərlərlə tanış olublar.
P.Sultanova