Estoniya PTT sahəsindəki təcrübəsini Azərbaycanla bölüşəcək

Estoniyanın peşə təhsili və təlimi müəssisələrinin (PTT) akkreditasiyası sahəsindəki təcrübəsini öyrənmək məqsədilə 23-27 aprel tarixlərində Azərbaycanın Akkreditasiya və Nostrifikasiya İdarəsinin bir qrup əməkdaşı bu ölkəyə səfər edəcək.
1news.az-ın verdiyi xəbərə görə, təhsil səfərinin məqsədi PTT sahəsində keyfiyyət təminatı sisteminin yaradılması baxımından Estoniyanın qabaqcıl təcrübəsini bölüşməkdir.
Səfər proqramına Estoniyanın PTT sistemi və onun keyfiyyət təminatı modeli, o cümlədən maraqlı tərəflərin və məsul dövlət orqanlarının roluna dair müzakirələr daxildir. Azərbaycanlı iştirakçılar həmçinin PTT özünüqiymətləndirmə və kurrikulum qruplarının akkreditasiyasında müxtəlif sahələr və kriteriyalarla bağlı seminarda iştirak edəcək və Estoniya tərəfinin planlaşdırdığı və biliklərin artırılmasına yönəlmiş digər fəaliyyətlərə cəlb olunacaq.
Səfərin son günü iştirakçılar Tallin Tikinti Məktəbinə baş çəkəcək və Estoniyanın akkreditasiya sistemi və müvafiq Azərbaycan sistemi ilə əlaqədar öyrəndikləri dərslər haqqında fikirlərini söyləyəcək və sonra Azərbaycanda PTT təcrübəsinin inkişafı üzrə yol xəritəsi hazırlayacaq.
Bu missiya Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) tərəfindən Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.
S.Xankişiyeva