"Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

"Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib

11:53 - 11 / 05 / 2018
"Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.

Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov bildirib ki, müstəqil Azərbaycanın üç rəngli bayrağı ilk dəfə dövlət bayrağı kimi 1918-ci il noyabrın 9-da AXC dövründə təsdiq olundu. Bir də bayrağımız 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda dalğalandırıldı. 1991-ci il fevralın 5-də həmin bayraq dövlət bayrağı kimi təsdiq olundu.

F.Ələsgərov deyib ki, Heydər Əliyev bayrağımızı dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən bir simvol hesab edirdi və ona yüksək dəyər verirdi:

“Prezident İlham Əliyevin göstərişi ilə Dövlət Bayrağı Meydanı yaradılıb. Bu gün dünyanın ən uca bayrağı Bakıda dalğalanır. Bayrağımızın işğal olunmuş ərazilərimizdə, Qarabağda da dalğalanacağı gün uzaqda deyil”.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını düşdüyü çətin bir dövrdən, bəladan xilas etmiş bir şəxsiyyətdir:

“O hər bir addımını xalqın gələcəyini düşünərək atırdı. Bu gün Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilir. Onun bu gün başlatdığı layihələr, gördüyü işlər gələcək nəsillərin rifahına hesablanıb”.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 2018-ci il çox mühüm hadisələrlə əlamətdardır. Bunlardan biri də ulu öndər Heydər Əliyevin 95 illiyidir:

“Ümummilli liderin xalqımız, dövlətimiz üçün gördüyü işlər olduqca böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev isə onun layiqli davamçısı kimi ölkəmizi daha böyük uğurlara aparır”.

Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, ikinci dəfə müstəqillik qazanandan sonra ümummilli lider Heydər Əliyev dövlətimizin AXC-nin taleyini yaşamasına imkan vermədi. Hər kəsi bir bayraq altında birləşdirə bildi. Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib.

Dövlət rəsmilərinin çıxışlarından sonra görkəmli şair, dramaturq Cəfər Cabbarlının "Sevdiyim" şeiri əsasında hazırlanmış və yüzillik tariximizin əks olunduğu klip təqdim olunub. Əsərin bəstəkarı və ifaçısı əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür. Sonra əməkdar artist Tünzalə Sğayevanın ifasında vətənpərvərlik mahnıları səsləndirilib.

Qeyd edək ki, "Sevdiyim" layihəsi "ASAN xidmət", "Asan Könüllüləri" Təşkiları və Asan Radionun birgə təşkilatçılığı ilə həyata keçirilir və layihə müddətində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Babək Cahandarov

 

 

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər