BANM-da yeni ixtisas: İnformasiy təhlükəsizliyi
Bakı Ali Neft Məktəbində (BANM) 2018/2019 tədris ilindən etibarən yeni ixtisas – “İnformasiya təhlükəsizliyi” tədris ediləcək.
1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu ixtisas ölkənin müxtəlif sahələrində informasiya təhlükəsizliyi və informasiyanın mühafizəsi üçün kadr hazırlığını həyata keçirəcəkdir. “İnformasiya təhlükəsizliyi” ixtisası BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının tərkibində reallaşdırılacaq.
Qeyd edək ki, dövlət və qeyri-dövlət müəssisələrinin işində informasiya resurslarının və texnologiyalarının rolunun hər gün daha çox artması ilə həmin müəssisələrdə informasiya təhlükəsizliyi məsələləri ortaya çıxır. Ölkədə informasiya sistemlərinin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının qorunmasını həyata keçirə bilən və kibercinayətlərə qarşı mübarizə aparacaq ixtisaslı mütəxəssislərə geniş tələbat yaranmışdır. Məhz bu səbəbdən BANM-da “İnformasiya Təhlükəsizliyi” ixtisasının tədrisinə başlanılması qərara alınmışdır.
“İnformasiya təhlükəsizliyi” ixtisasında “Şəbəkə təhlükəsizliyi”, “Sistem proqramlaşdırma”, “Sistemdə olan təhlükəsizliklərin test edilməsi”, “ Verilənlər bazasının təhlükəsizliyi”, “ Multiagent sistemlərin təhlükəsizliyi”, “Barmaq izlərinin tanınması” və s. kimi fənlərin tədrisi planlaşdırılır.
Dünyanın tanınmış universitetlərinin zəngin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-da bütün ixtisaslarda olduğu kimi “İnformasiya təhlükəsizliyi” ixitisasında da tədris ingilis dilində aparılacaq.
Tədris yüksək ixtisaslı yerli və əcnəbi professor-müəllim heyəti tərəfindən həyata keçiriləcək.
Yeni ixtisasla bağlı bütün işlər yekunlaşdırılmaq üzrədir və abituriyentlər yeni tədris ili üçün bu ixtisası artıq seçə bilərlər.
S.Xankişiyeva