Bakıda I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir – FOTO
Mayın 18-də Bakıda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqı və Dünya Bankının təşkilatçılığı ilə I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, konfransın açılış mərasimində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, tədbirin əsas məqsədi dünyanın qabaqcıl texnologiyasının Azərbaycana gətirilməsi və ölkəmizdə tətbiqi, həmçinin insanların sağlam qida ilə təchiz olunmasıdır. “Ölkəmizdə qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, bu sahədə təhlükəsizliyin təmin edilməsi agentliyin qarşısında duran başlıca vəzifələrdən biridir”, - deyə o bildirib.
Q.Təhməzli qeyd edib ki, yarandığı 4 ay ərzində qida təhlükəsizliyi sahəsində 27 normativ hüquqi akt qəbul olunub, hüquqi baza yaradılıb və bu istiqamətdə işlər davam edir.
Avropa İttifaqının nümayəndəsi Jeroen Villems Azərbaycanın kənd təsərrüfatının inkişafında qısa zamanda böyük nailiyyətlər qazandığını vurğulayıb. Diqqətə çatdırılıb ki, agentliyin yaradılması sayəsində ölkədə əhalinin sağlam qida ilə təchizi sahəsində də müsbət dəyişikliklər müşahidə olunur.
1news.az