Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbində AXC-nin 100 illiyi qeyd olunub

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd ediblər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən 1news.az-a verilən məlumata görə, təntənəli bayram tədbirini qeyd etmək üçün məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar iştirak ediblər.
Çıxış edən şagirdlər tədbir iştirakçılarını salamladıqdan və təbrikləri çatdırdıqdan sonra səhnəciklə davam edib. Şagirdlər səhnəcikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filmində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bağlı olan səhnəni ifa ediblər. Bu zaman məktəbin şagirdləri AXC-nə məxsus əsas dəyər və vətəndaşlara verilən hüquqlar haqqında məlumat veriblər.
Daha sonra uşaqlar Azərbaycan himni ifa ediblər. Tədbir hər bir şagirdin iştirakı ilə milli ruhda Azərbaycan haqqında şerlər söylənilmiş və milli rəqslər nümayiş etdirilib. Qızlardan ibarət qrup “Nəlbəki” rəqsini ifa ediblər. Tədbirdə Azərbaycana və vətənpərvərliyə aid yüksək səviyyədə çıxış edən şagirdlər alqışlanıb. Sonda şagirdlərin təbriki ilə bağlı video rolik göstərilib.
Qeyd edək ki, Azərbaycan məktəbi il boyu Vaşinqton və ətraf şəhərlərdə yaşayan Azərbaycanlı uşaqları cəlb etməklə milli dəyərləri aşılayır, Azərbaycan haqqında dərslər keçirilir və müxtəlif tədbirlər təşkil edir.
1news.az