Lənkəranda 229 ağacın kəsilməsi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Lənkəran rayonu meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayəti Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları və Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) mütəxəssisləri dərhal araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Lənkəran MMBM-in Haftoni meşəbəyiliyinin 16 saylı dolayında kəsildiyi aşkar edilib. Əraziyə keçirilən baxış zamanı həcmi 227,33 kubmetr olan yaşköküstə müxtəlifcinsli 229 ağacın kəsildiyi və təbiətə 9209,33 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunauyğun tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.
1news.az