Cənub Qaz Dəhlizi – Azərbaycanın enerji siyasətində yeni uğuru – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Cənub Qaz Dəhlizi – Azərbaycanın enerji siyasətində yeni uğuru – FOTO

14:50 - 30 / 05 / 2018
Cənub Qaz Dəhlizi – Azərbaycanın enerji siyasətində yeni uğuru – FOTO

Məlum olduğu kimi, mayın 29-da tək Azərbaycan üçün deyil, həm də Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edən bir hadisə baş verdi - Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi.

Mərasimdə Prezident İlham Əliyevlə yanaşı ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin, “BP Group Upstream”in baş icraçısı Bernard Luney və digər nüfuzlu qonaqlar iştirak ediblər.

Həmin gün həmçinin XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub, mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlanıb.

Qeyd edək ki, layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əsas əhəmiyyətli rol oynadı. Bu baxımdan yeni marşrut da, ilk növbədə, qaz tədarükləri mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlar açmağa böyük imkanlar yaradıb. Məhz Azərbaycanın siyasi iradəsi nəticəsində regionun enerji xəritəsini dəyişdirməyə qadir olan bir layihənin reallaşması ilə bağlı qərarından sonra enerji tarixində yeni səhifə açılıb.

Xatırladaq ki, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə xidmət edən “Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın dövlət başçısı İlham Əliyevin Avropa Komissiyasının sədri Maniel Barrozu arasında 2011-ci ilin yanvar ayında Bakıda “Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin imzalanması ilə həyata vəsiqə qazanıb. Bu sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsas töhfə verən, layihənin əsas təşəbbüskarı və iştirakçısı  kimi göstərilir. 

Bu layihənin həyata vəsiqə alması heç də təsadüfi deyildi. Belə ki, Avropanın “mavi yanacağa” olan tələbatının artdığı bir şəraitdə Azərbaycanın potensial qaz tədarükçüsü kimi diqqəti getdikcə daha çox cəlb etməsi yeni layihələrə yol açırdı. Eyni zamanda, regionda siyasi sabitlik və əməkdaşlıq meydanına çevrilmiş Azərbaycan enerji sahəsində Qərbin fəal əməkdaşlıq edə biləcəyi bir ölkə kimi də yüksək inam və etimad qazanmışdı. Həmin  inamın nəticəsi idi ki, Qərb özünün təbii qaza olan tələbatının ödənilməsində əsas tədarükçü kimi məhz Azərbaycanı seçdi. Beləliklə də, XXI əsrdə Avropanın enerji xəritəsini zənginləşdirəcək yeni bir qaz dəhlizinin formalaşdırılmasına əsaslı zəmin yarandı.

Məlumat üçün bildirək ki, Azərbaycanda sübut edilmiş təbii qaz ehtiyatları 2,6 trln. kubmetr, proqnozlaşdırılan qaz ehtiyatı isə 4-5 trln. kubmetr təşkil edir. Bu baxımdan Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti var. Cənub Qaz Dəhlizi layihəsi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan böyük qaz boru kəməri layihəsidir. Layihə 4 hissədən - “Şahdəniz-2” təbii qaz yatağı, Cənubi Qafqaz Boru kəməri, Trans-Anadolu Təbii Qaz kəməri (TANAP) və Trans-Adriatik Boru (TAP) kəmərindən ibarətdir.

Cənub Qaz Dəhlizinin açılışı tarixi hadisədir

Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bunu böyük və tarixi hadisə adlandıraraq “Şahdəniz” yatağının gələcək işlənilməsi ilə bağlı atılan addımlardan danışıb:

“Biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Biz gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik.

2014-cü il sentyabrın 20-də, - o da çox rəmzi məna daşıyır, çünki “Əsrin kontraktı” 1994-cü il sentyabrın 20-də imzalanmışdır, - 20 ildən sonra Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Bu gün biz bu layihənin rəsmi açılışını qeyd edirik və bu, doğrudan da böyük və tarixi hadisədir.

Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək”.

“Əsrin kontraktı” Azərbaycana nəfəs verdi

1994-cü ildə dünyanın aparıcı neft-qaz şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından 24 il keçdiyini diqqətə çatdıran dövlət başçısı həmin müqabilənin Azərbaycana yeni nəfəs verdiyini vurğulayıb:

“1994-cü ildə birinci Xəzər Neft-Qaz Sərgisi təşkil edilmişdir. Azərbaycanın dünyada zəngin resurslara malik ölkə kimi tanıdılmasında bu sərginin çox böyük rolu olmuşdur. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. “Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış “Əsrin kontraktı”nın müddəti keçən il 2050-ci ilə qədər uzadıldı.

Yəni, bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın iri neft strategiyası icra olunmağa başlamışdır.

“Şahdəniz” Azərbaycanı dünyaya həm də qaz ölkəsi kimi tanıtdı

1994-cü ildən sonra ikinci böyük kontraktın “Şahdəniz” qaz yatağı üzrə imzalandığını xatırladan Prezident İlham Əliyev bildirib ki, bu müqavilə 1996-cı il iyulun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi:

“Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu tarixi gündə Cənub Qaz Dəhlizinin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. “Şahdəniz” qaz yatağı Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır”.

Cənub Qaz Dəhlizi Avropada və Cənubi Qafqaz bölgəsində əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək

Digər dövlətlərin böyük neft-qaz layihələrindəki rolundan danışan dövlət başçısı bildirib ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı:

“Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək.

Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynamışdır.

Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey ilə mənim iştirakımla BP ilə SOCAR arasında növbəti kontrakt imzalanmışdır. Bu, bizim strateji əlaqələrimizi bir daha əks etdirir.

Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur.

Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə bizə dəstək olan beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanır və öz maliyyə resurslarını ayırırlar. Onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaş kimi bütün borcları vaxtında qaytarır və qaytaracaq.

Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək”.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək

Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın iştirak etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev sözügedən layihənin geniş beynəlxalq əməkdaşlığın yaradılmasına imkan verdiyini qeyd edib:

“Eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır”.

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir

Cənub Qaz Dəhlizinin enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihə olduğunu deyən dövlət başçısı onu yeni enerji damarı adlandırıb:

“Cənub Qaz Dəhlizi hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib”.

“Qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq”

Cənub Qaz Dəhlizinin çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bu layihəni reallaşdırmaqla bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır:

“Qeyd etdiyim kimi, 4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.

“Bu gün  Azərbaycan etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”

Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə keçitilən layihələrin digər üstünlüklərindən danışan dövlət başçısı bildirib ki, Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir:

“2002-ci ildə biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir.

2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır. O günü də mən çox yaxşı xatırlayıram. Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün buraya gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və bir daha mən demək istəyirəm ki, doğrudan da bunlar tarixi nailiyyətlərdir”.

“Ancaq müstəqillik şəraitində Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bildi”

Prezident İlham Əliyevin sözlərinə görə, bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər:

“Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik”.

“Bu gün Azərbaycan ayaqda möhkəm dayanan müstəqil ölkədir”

Bu gün Azərbaycanın ayaqda möhkəm dayanaraq müstəqil siyasət aparan və güclü iqtisadiyyata malik olan bir ölkə olduğunu deyən dövlət başçısının sözlərinə görə, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artıb. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulub:

“Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək. Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu, onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq.

Neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəlib. Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir”.

1news.az

Paylaş:
1266

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər