Bakıda Puşkinin anadan olmasının 219-cu ildönümü qeyd edildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Puşkinin anadan olmasının 219-cu ildönümü qeyd edildi – FOTO

15:29 - 06 / 06 / 2018
Bakıda Puşkinin anadan olmasının 219-cu ildönümü qeyd edildi – FOTO

Bakıda dahi rus şairi A.S.Puşkinin anadan olmasının 219-cu ildönümü geniş qeyd edilib.

1news.az-ın məlumatına görə, Səbail rayon İcra Hakimiyyəti, Rusiyanın ölkəmizdəki səfirliyi və “Sodrujestvo” cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.

İlk öncə şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önunə tədbir iştirakçıları adından  gül dəstələri və tər çiçəklər qoyulub.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə açan Respublika “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Artyom Brkov,  Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalıdə Bayramova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər.

Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin tək rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən  sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb.

Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub, Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.

Tədbirdə  Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edibş, ölməz şairin şerləri Azərbaycan, rus, alman, italyan və ingilis dillərində səslənib, məktəblilər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.

1news.az

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər