Hindistan səfirliyi ağacəkmə aksiyası keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hindistan səfirliyi ağacəkmə aksiyası keçirib - FOTO

15:38 - 06 / 06 / 2018
Hindistan səfirliyi ağacəkmə aksiyası keçirib - FOTO

Hindistanın Bakıdakı səfirliyi Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, Milli Elmlər Akademiyasının Mərdəkan qəsəbəsində yerləşən Dendroloji parkının  və Azərbaycanlı tələbələrin iştirakı ilə 5 iyun Ümumdünya Ətraf Mühit Günü münasibətilə ağacəkmə aksiyası keçirib.

1news.az-a səfirlikdən verilən məlumata görə,  Dendrologiya İnstitunun direktoru Tofiq Məmmədov və institutun əməkdaşları da aksiyada iştirak ediblər.

Ümumdünya Ətraf Mühit Günü ətraf mühitin qorunmasının dünya miqyasında məlumatlandırılması və fəaliyyətlərin təşviq olunmasına yönəlmiş Birləşmiş Millətlər Təşkilatının ən əhəmiyyətli günüdür. 1974-cü ildən etibarən bu gün ictimai təbliğat üçün qlobal platformaya çevrilib. Bu gün insanların Yer kürəsinin qayğısına qalma günüdür.

Hindistan 2018-cü ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir və bu münasibətlə Hindistanda keçirilən böyük ağacəkmə aksiyasında Hindistanın Baş Naziri Narendra Modi demişdir ki, gəlin birlikdə gələcək nəsillərimizin təbiətlə harmoniyada, təmiz və yaşıl planetdə yaşamasını təmin edək.

Səfir Sanjay Rana  bildirib  ki, 2018-ci ildə Ümumdünya Ətraf Mühit Gününün mövzusu olaraq “Plastik tullantılarla çirklənməyə son qoymaq” seçilib. Bu mövzu təbii məkanlarımıza, canlı təbiətimizə və öz sağlamlığımıza qarşı plastik çirklənmənin ağır yükünü azaltmaq üçün hər kəsi gündəlik həyatlarında dəyişikliklər edə biləcəyini düşünməyə dəvət edir. Plastikin bəzi faydaları olduğundan biz ciddi ekoloji nəticələrə səbəb olan tək istifadəli və ya birdəfəlik plastikləri çox arxayın istifadə etməyə başlamışıq. Səfir plastiklərdən istifadəni azaltmaq üçün birgə fəaliyyət göstərməyə ehtiyac olduğunu bildirib.

P.Sultanova

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər