Fermada narkotik yetişdirən Sabirabad sakini saxlanılıb

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Suqovuşan kənd sakini, 31 yaşlı Vüqar Səmidov saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fermaya baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu və 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
1news.az