Havanın temperaturu 36 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 20-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-13° isti, gündüz 18-23° isti təşkil edəcək.
Qeyd edək ki, sabah Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba çimərliklərində şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.
Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində də şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu isə 22-23° isti təşkil edəcək.
Babək Cahandarov