Elşad Miraləm vəzifəsindən azad edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm vəzifəsindən azad olunub.
1news.az xəbər verir ki, bu barədə E.Miraləm öz Facebook səhifəsində yazıb.
O qeyd edib ki, 14 il ərzində bütün gücü, bacarğı ilə üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışıb:
“Çox çətin, gərgin, nigaran günlərimiz, yuxusuz gecələrimiz oldu. Heç birinə görə peşman deyilik. Təkcə ondan narahatıq ki, valideynlərimizə, ailəmizə və dostlarımıza bizim istədiyimiz, onların arzuladığı qədər vaxt ayıra bilmədik. Anlayışla qarşıladılar, sağ olsunlar.
Dövlətimiz və millətimiz üçün çox vacib bir işlə məşğul olduğumuza inandıq. İşimizi sevdik, çünki dövlətimizi sevdik. Bu dövlətin dəyərini, hansı zəhmət və qurbanlar hesabına başa gəldiyini, övladlarımızın gələcəyinin onun varlığından asılı olduğunu dərk edərək sevdik. Bu illər ərzində formalaşmağımızda, təcrübə qazanmağımızda zəhməti keçən, etimad göstərən böyüklərimizə təşəkkür etməyi borc bilirik. Bizə hər zaman doğru yol göstərən, harda olmağımızdan asılı olmayaraq, siyasi təcrübəsinə, məsləhətlərinə və mənəvi dəstəyinə hər zaman ehtiyac duyacağımız Nazim müəllimə minnətdaram”.
E.Miraləm yazıb ki, Dövlət Komitəsində çalışdığı müddət ərzində yaşından və statusundan asılı olmayaraq hər bir əməkdaşın dəstəyini, sevgisini və hörmətini hiss edib və buna görə, hər kəsə təşəkkürünü bildirib.
“Heç kimdən narazılığım, incikliyim yoxdur. Hər kəsə uğurlar arzulayıram.
Yoldaşlarımız dəyişsə də, yolumuz dəyişməzdir”.
1news.az