Təhsil Nazirliyi hesabat tədbiri keçirib
İyunun 21-də Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlərlə bağlı iştirakçılara ətraflı məlumat verib.
Daha sonra təhsil naziri Ceyhun Bayramov “Təhsil sistemi-vəzifələr və hədəflər” mövzusunda təqdimatla çıxış edib. Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir bunun üçün ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrdən və gələcək hədəflərdən danışıb.
Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəl ilə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb.
2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu deyən təhsil naziri həmçinin bu istiqamətdə digər hədəfin keyfiyyətin yaxşılaşdırılması olduğunu və artıq bununla bağlı bir sıra layihələrin həyata keçirildiyini bildirib.
Ceyhun Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıqda iş aparılır.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikləri diqqətə çatdıran nazir ali təhsil müəssisələrinə qəbul üzrə əsasən iki yeniliyin nəzərdə tutulduğunu vurğulayb. Belə ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.
Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirən təhsil naziri sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacib olduğunu deyib.
Ötən beş il ərzində təhsil sahəsində aparılan islahatların mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğunu bildirən baş nazirin müavini Əli Əhmədov dövlət başçısının bu sahəni prioritet elan etməsi nəticəsində ölkəmizin gələcəyinin parlaq olacağına əminliyini ifadə edib. Əli Əhmədov təhsildə görülən işlərin uğurla davam etdirilməsinin vacibliyini önə çəkib və bu sahədə ölkəmizdə müsbət təcrübənin formalaşdığını diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə də ölkəmizdə təhsilin inkişafı sahəsində görülən işlərdən danışaraq, təhsillə elmin vəhdət təşkil etdiyini söyləyib. O, ali məktəblərin statuslarının biri-birindən fərləndirilməsi ilə bağlı fikirlərini də diqqətə çatdırıb.
Tədbirdə “Təhsil” televiziyasının 2017-ci ildə təhsil sahəsində həyata keçirən tədbirlərə və yeniliklərə dair hazırladığı videoxronika nümayiş olunub.
Babək Cahandarov