Göyçaydakı körpünün dağılması ilə bağlı 7 vəzifəli şəxs həbs olundu

Göyçay çayı üzərindəki körpünün dağılması ilə bağlı 7 vəzifəli şəxs həbs olunub.
Bu barədə 1news.az-a Respublika Baş Prokurorluğu, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mətbuat xidmətlərindən daxil olan birgə məlumatda deyilir.
Məlum olduğu kimi, 2018-ci il iyunun 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşüb, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəyib.
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Müəyyən edilib ki, son dövrlər bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartlar, normativlər, qaydalar və lisenziyalaşdırma şərtləri kobud surətdə pozulduğundan ətraf mühitə, infrastruktur obyektlərə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranıb, çay məcraları kəskin eroziyaya məruz qalıb.
Aşkarlanmış qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılıb, eləcə də hüquq-mühafizə orqanlarının təcrübəli əməkdaşlarından və aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət istintaq-əməliyyat qrupları yaradılaraq təxirəsalınmaz tədbirlər həyata keçirilib.
İstintaq araşdırmaları göstərib ki, karxanalardan 14-ü lisenziya və digər müvafiq sənədlər olmadan qanunsuz şəkildə qum-çınqıl istehsalı ilə məşğul olub, daha 41 karxana yataqların istismarının dayandırılması barədə Nazirlər Kabinetinin qərarına zidd olaraq fəaliyyətini davam etdirib və nəticədə dövlətə 16 milyon manatdan çox ziyan vurulub.
Hazırda istintaqı aparılan cinayət işləri üzrə bütün təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
S.Xankişiyeva