Gəncədə azyaşlının xəsarət aldığı bağçada 2 nəfər işdən çıxarılıb

Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında azyaşlının xəsarət almasına görə 2 nəfər işdən çıxarılıb, 1 nəfərə isə töhmət verilib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, 2 yaşlı Sara İsmayılovanın xəsarət alması ilə bağlı Gəncə şəhəri 31 saylı uşaq bağçasının tərbiyəçisi Gülnarə İsmayılova və sanitar dayəsi Solmaz Zeynalova işdən çıxarılıblar.
Eyni zamanda, bağçanın direktoru Günay İsmayılovaya töhmət elan olunub.
İki yaşlı Saranın üzünə dağ basılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İlkin araşdırma zamanı məlum olub ki, azyaşlının üzünü bağçadakı uşaqlardan biri dişləyib. Körpə qız xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır.
S.Xankişiyeva