Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirir.
1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 22-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 5,3 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.
Həmçinin yabanı halda bitmiş 17 tona yaxın 36 mindən çox xaş-xaş və çətənə kolları məhv edilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Qulammirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 125 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayə yaşadığı evdən əlavə olaraq çəkisi 4 kiloqram 295 qram marixuana götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Bahadur Mikayılovdan isə 475 qram marixuana aşkarlanıb.
Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları Qara Siyəzən kənd sakini, əvvəllər məhkum olunmuş Bədəl Nəzərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 87 çətənə kolu və 400 qram marixuana, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Əliyasər Umarovun həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 18 çətənə kolu aşkarlayaraq götürüblər.
Həmçinin Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayonunun Mənəşli kəndi ərazisində çəkisi 1,3 ton olan 3787 ədəd, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları Dönük Qırıqlı kəndi ərazisində çəkisi 1,3 ton olan 3712 ədəd yabanı halda bitmiş çətənə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları isə Alar kəndi ərazisində çəkisi 14 tona yaxın 28 min 540 xaş-xaş kolunu məhv ediblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
S.Xankişiyeva