Azərbaycanın ilk hərbi operatoru vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın ilk hərbi operatoru vəfat edib

15:46 - 26 / 06 / 2018
Azərbaycanın ilk hərbi operatoru vəfat edib

Tanınmış operator,  Qarabağ qazisi Seyidağa Mövsümlü vəfat edib.

1news.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Seyidağa Mövsümlü Azərbaycan Ordusunun ilk hərbi operatoru olub. O həm də Xocalı soyqırımını ilk lentə alan operator olub.

Seyidağa Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb.

 Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. O, “Adı sənin, dadı mənim”, “Kökdən düşmüş piano”, “Bağışla” (3 hissəli), “Göz həkimi” “Gülüş sanatoriyası”, “Pəncərədə işıq” və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub.

S.Mövsümlü 1988-ci ildən başlayan hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə  Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır. O, 1988-ci ildən başlayaraq ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrimizdə olub.

Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb. 1992- 2002-ci illər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qayıdıb.

Allah rəhmət etsin!

1news.az 

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər