Bu gün 70 mindən çox şagird üçün buraxılış imtahanı keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 70 mindən çox şagird üçün buraxılış imtahanı keçirilir

11:11 - 27 / 06 / 2018
Bu gün 70 mindən çox şagird üçün buraxılış imtahanı keçirilir

Bu gün ölkə üzrə buraxılış imtahanları keçirilir.

1news.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 70081 şagird (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

Bu gün ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edəcək. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq. 

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.

Bu gün, həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə də imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib. Sədr gün ərzində bir neçə imtahan mərkəzində olacaq və imtahan prosesini yaxından izləyəcək. 

Xatırladaq ki, iyunun 28-də isə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək. Şəkidə keçiriləcək qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

1news.az

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər