Yapı Kredi Bank Azərbaycan ilin ikinci yarısını mənfəətlə başa vurub
Yapı Kredi Bank Azərbaycan 2018-ci ilin ikinci rübünün məlumatlarını açıqlayıb.
Bankın hesabatlarına nəzər yetirdikdə, ilin ikinci yarısını 1,401 milyon AZN mənfəətlə başa vurduğunu görmək mümkündür.
Bankın kapitalında da artım qeydə alınıb. Məcmu kapitalın ötən ilin ikinci rübü ilə müqayisədə 30% artdığı müşahidə edilir. Belə ki, hal hazırda Yapı Kredi Bank Azərbaycanın məcmu kapitalı 65,750 milyon manata bərabərdir ki, bu da mövcud qanunvericilikdə tələb ediləndən 31% çoxdur.
Ötən dövr ərzində bank müştərilərə verdiyi kreditlərin həcmini də artırıb. Ötən rüblə müqayisədə 12% daha artıq kredit verən bank, digər maliyyə institutlarından aldığı krediti də bağlayıb. Bu da o deməkdir ki, bankın güclü likvidliyi öz hesabından kredit verməsinə imkan yaradır.
Hüquqi və fiziki şəxslərin tələbli əmanətlərinin toplam əmanətlərə həcmi 77% təşkil edir. Bu da bankın faiz xərclərini optimal səviyyədə saxlamasına şərait yaradır. Elə bunun məntiqi ardıcıllığı olaraq, bankın faiz xərci ötən illə müqayisədə 43% azalmış, xalis faiz gəlirləri isə 20% artıb.
Kapitalın adekvatlıq əmsalında da müsbət tendensiya qeydə alınıb. Bank ötən ilin yarısından etibarən kapitalın adekvatlıq əmsalını 14.9%-dən 24.8%-ə qaldırıb. Bu isə yerli requlyatorun tətbiq etdiyi tələbdən qat-qat çoxdur.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
Reklam hüququnda