Rektor Elmar Qasımov 700 ballı abituriyentlərlə görüşdü
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarının ikinci mərhələsində I qrup üzrə maksimal 700 balı toplamış abituriyentlərlə görüşüb.
1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə 700 ballı abituriyentlərdən Anar Abıyev, Tapdıq Məhərrəmli, Rüstəm Qarayev, Azər Zeynallı, Sona Mehdizadə, həmçinin onların valideynləri və doğmaları iştirak ediblər.
Rektor Elmar Qasımov gənclərlə yaxından tanış olduqdan sonra onlara BANM haqqında ətraflı məlumat verib, burada təhsil alan tələbələrin bilik səviyyəsindən, uğurlarından söhbət açıb. Daha sonra rektor Ali Məktəbin “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları haqqında məlumat verib, həmçinin yeni açılan “İnformasiya təhlükəsizliyi” ixtisasının mahiyyətindən danışıb. Rektor vurğulayıb ki, BANM şirkətlərlə çox yaxından əməkdaşlıq edir və Ali Məktəb daim istehsalatın içindədir. Elə bu səbəbdən də BANM-ın tələbələri ən son yeniliklər haqda məlumatlı olur, qazandıqları bilikləri elə təhsil alarkən istehsalat təcrübələrində tətbiq edir və nəticədə şirkətlərin bütün kriteriyalarına cavab verə bilir.
Görüş zamanı Bakı Ali Neft Məktəbi haqqında çox eşitdiklərini, ən çox isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları ilə maraqlandıqlarını bildiriblər. 700 ballı Rüstəm Qarayev isə BANM-ın “Kimya mühəndisliyi” ixtisasına üstünlük verdiyini bildirib. Daha sonra abituriyentlər özləri, məktəb və liseyləri, hobbiləri haqqında danışıblar.
Görüşün sonunda 700 bal toplamıış abituriyentlər rektor Elmar Qasımovla xatirə şəkli çəkdiriblər.
Ali Məktəblə daha yaxından tanış olmaq məqsədilə abituriyentlər BANM-ın kampusuna tur ediblər. Kampusu gəzən gənclər buradakı mərkəzlər, laboratoriyalar, idman kompleksi, tələbə evi, kitabxana və tələbələr üçün yaradılmış digər şəraitlərin canlı şahidi olaraq BANM haqqında daha geniş təəssürata malik olublar. BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov bu sahəyə marağı olan gəncləri ABB, Scneider Electric, Emerson və digər şirkətlərin BANM-da yerləşən laboratoriyaları və mərkəzləri ilə ətraflı tanış edib.
S.Xankişiyeva