Sabah Avtovağzalın qarşısındakı yolda hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Bu üzdən həmin hissədə iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı İdman Kompleksinə gedən yol vasitəsilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq digər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Alternativ yollar:
- Sumqayıt şəhəri, Saray və Masazır qəsəbələrindən:
- Balaxanı-Zabrat yolu vasitəsilə Heydər Əliyev prospektindən,
- Binəqədi şosesindən,
- Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsilə Heydər Əliyev prospektindən şəhərə daxil olmaq mümkündür.
- H.Z.Tağıyev-Sahil avtomobil yolundan:
- Ələt-Bibiheybət və Ələt-Lökbatan dairəsi-Bakı-Dairəvi-1 yolu,
- Şamaxı yolu-Sulutəpə dairəsi-Hocahəsən-Bibiheybət və Xocasən-Bakı Dairəvi-1 marşrutu ilə şəhərə daxil olmaq mümkündür.
- Bakı-Sumqayıt yolundan:
- Xırdalan dairəsi-Binəqədi qəsəbəsi marşrutu üzrə Binəqədi şosesindən, həmçinin Balaxanı-Zabrat yolu vasitəsilə Heydər Əliyev prospektindən,
- Ekologiya postu – 4-cü qapı küçəsi (Biləcəri-Binəqədi yolu) vasitəsilə Binəqədi şosesindən, həmçinin 4-cü qapı küçəsi-Biləcəri qəsəbəsindən,
- Xocasən-Bibiheybət və Xocasən-Bakı Dairəvi-1 yollarından,
- Avtovağzal-Biləcəri qəsəbəsi marşrutu ilə şəhərə daxil olmaq mümkündür.
S.Xankişiyeva