Tarif Şurası qiymətləri niyə qaldırdı? – SƏBƏBLƏR
Məlum olduğu kimi, Tarif Şurası Azərbacanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul edib. Belə ki, Şuranın dünən keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Yeni tariflər cari ilin 1 avqust tarixindən, yəni sabahdan qüvvəyə minəcək.
Məlumatda qeyd olunur ki, qiymətlərin artırılmasında ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınıb.
Qeyd edək ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Artıq 10 ilə yaxındər ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalır. Belə ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.
Bu müddət ərzində nəqliyyat infraztrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb.
Yeni tarif dəyişikliyundən sonra belə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.
Nəzərinizə çatdıraq ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Məlumata görə, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, marşrut avtobuslarında gediş haqqı tariflərinin artırılması sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə imkan verir ki, onlar istehsalat bazalarını, avtobus parklarını yeniləsinlər, daha keyfiyyətli və rahat sərnişindaşıma xidməti göstərsinlər. Bütün bunlar olacağı təqdirdə, sərnişindaşıma sektorunda vətəndaşlar daha keyfiyyətli xidmətlə təmin olunacaqlar.
Agentlik rəsmisi sözügedən sektorda fəliyyət göstərən hüquqi və fiziki şəxslərin təhlükəsizlik və keyfiyyətli sərnişindaşıma işinin təşkilinə daha ciddi və məsuliyyətlə yanaşmalı olduqlarını da vurğulayıb:
“Bütün müntəzəm marşrut xəttləri üzrə daşıyıcılar kartlı ödəniş sisteminə keçidi sürətləndirməlidirlər. Vətəndaşa rahat və təlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini hər zaman qarşımıza prioritet məqsəd olaraq qoymuşuq. Bunu nəzərə alaraq, BNA bir daha xəbərdarlıq edir ki, işinə laqeyd və məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut xətlərindən kənarlaşıdırılacaq. Bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərarın qəbulu da bu məqsədə xidmət edir”.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə jurnalistlərə açıqlamasında bildirib ki, bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Onun sözlərinə görə, bu xərclər yalnız istismar xərcləridir. O, qiymət artımından sonra belə Bakı metrosunda qiymətin digər postsovet ölkələri ilə müqayisədə aşağı olduğunu söyləyib:
“Bu rəqəm bizim pulla postsovet məkanı ölkələrindən Ukraynanın paytaxtı Kiyevdə 41-50, Minskdə 55, Daşkənddə 37 qəpik, Moskvada isə bir neçə dəfə yüksəkdir. Halbuki Rusiyanın metropoliten sahəsində böyük potensialı var. Bununla belə Azərbaycanda da metropolitenin inkişafı sahəsində böyük işlər görülür. Köhnə qstarlar yüksək səviyyədə təmir edilərək modernləşdirilir, yeni müasir qatarlar alınır”.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər ki, qurum Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir. Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir.
“Sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub. Bu müddət ərzində, bildiyiniz kimi, nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb.
Təbii ki, digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi. Və daşıyıcılar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi.
Bu müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil edilərək xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədə müvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib.
Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq”- deyə, qurumdan bildiriblər.
1news.az