Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması Azərbaycanın ən böyük uğurlarından biridir – RƏY | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması Azərbaycanın ən böyük uğurlarından biridir – RƏY

16:48 - 13 / 08 / 2018
Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması Azərbaycanın ən böyük uğurlarından biridir – RƏY

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiyanın imzalanmasını sahilyanı ölkələrin uğuru kimi qiymətləndirilə bilər. Çünki sözügedən sənədi imzalamaqla Xəzəryanı ölkələr nəinki aralarında mövcud olan anlaşılmazlıqları aradan qaldırdılar, həm də Xəzər dənizi üzərindən əməkdaşlıq etmək, əlaqələrini daha da möhkəmləndirmək üçün əlverişli bir mühit yaratmış oldular.

Milli Məclisin deputatı, siyasi ekspert Tahir Mirkişili də bu fikirdədir. O, AZƏRTAC-a açıqlamasında bildirib ki, Xəzəryanı ölkələrin prezidentləri tərəfindən imzalanan Konvensiya regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək.

Deputat qeyd edib ki, İran Xəzərin bölünməsini “göl prinsipi” üzrə, yəni, hər bir ölkəyə bərabər pay verilməsi qaydasını təklif edirdi. Digər 4 ölkə isə “dəniz prinsipi” üzrə, yəni, orta xətt ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunmasını, dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi. Ötən müddət ərzində Azərbaycan, Qazaxıstan və Rusiya, həmçinin Qazaxsan və Türkmənistan öz aralarında dənizin şimal hissəsinin orta xətt prinsipi ilə bölünməsini razılaşdırdılar:

“Bu məsələ ilə bağlı 22 il ərzində 5 sammit keçirilib. Nəhayət, avqustun 12-də keçirilən beşinci Zirvə toplantısında Xəzərin dibinin “dəniz prinsipi”, suyunun isə “göl prinsipi” əsasında bölünməsi razılaşdırıldı. 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir. Konvensiyasını bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil. Belə ki, konvensiyadakı “dəniz” anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda, Xəzərin suyunun və təkinin tərkibi, forması onu göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasını labüd edirdi”.

Deputat bildirib ki, Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi.

Azərbaycanın sənədin razılaşdırılmasındakı mühüm rolundan bəhs edən deputat 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısının ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verdiyini ifadə edib:

“İndiyə qədər tənzimlənməyən Xəzərin hüquqi statusu Türkmənistan ilə Azərbaycan arasında sualtı Transxəzər Qaz Kəmərinin reallaşmasına da mane olurdu. Konvensiyaya görə, bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcək. Sənədə əsasən ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər”.

Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiyanın imzalanmasının çox önəmli hadisə olduğunu söyləyən deputata bildirib ki, bu sənəd Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst-üstə düşür və Xəzəryanı dövlətlərə fayda gətirəcək.

Siyasi ekspert Elçin Mirzəbəyli1news.az-a açıqlamasında Xəzərin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələrin dövlət başçıları arasında Konvensiyanın imzalanmasını sahilyanı dövlətlərin tarixində önəmli bir hadisə adlandırıb. Onun sözlərinə görə, bu hadisə tək Xəzəryanı dövlətlər üçün deyil, bütövlükdə bütün Avrasiya məkanı üçün mühüm əhəmiyyət kəsb edir:

“Xəzərin hüquqi statusu ilə bağlı məsələ əsasən prosesə İranın müdaxilə etməsindən sonra müzakirəyə çıxarıldı. Prinsip etibarilə daha öncə, SSRİ-nin mövcud olduğu vaxtlarda Xəzərdəki ərazi suları və milli ərazilər ortaq xətt prinsipi üzrə müəyyənləşdirilmişdi. Bu, Beynəlxalq Dəniz Konvensiyasına uyğun bir yanaşma tərzidir. Çünki həmin konvensiyaya uyğun olaraq Xəzər qapalı su hövzəsi sayılır və qapalı su hövzəsində milli ərazilər dövlətlərin sərhədlərinin çıxıntılarından ortaq xətt üzrə müəyyənləşir. Buna baxmayaraq İran prosesdə yeni iddialarla çıxış etdi və o zamandan bəri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı ciddi müzakirələr aparıldı”.

Sözügedən məsələdə Azərbaycanın hər zaman beynəlxalq hüququn prinsiplərindən çıxış etdiyini və israrlı bir mövqe nümayiş etdirdiyini deyən ekspert bildirib ki, Xəzərin hüquqi statusunun ədalətli şəkildə müəyyənləşməsi tək ölkəmiz üçün deyil, bütün sahilyanı dövlətlər üçün prinsipial əhəmiyyət kəsb edir, həm də presedent yaradır:

“Oxşar presedentlər qapalı su hövzələri ilə bağlı dünyanın bir çox ölkələrində var. Azərbaycan məhz bu presedentlərə uyğun mövqe sərgiləyirdi. Azərbaycanın israrlı mövqeyi və cənab prezidentin apardığı siyasət nəticəsində Konvensiyanın imzalanması istiqamətində mövcud olan bir çox anlaşılmazlıqlar aradan qalxdı. Məsələn, Türkmənistanın mövqeyinin daha konstruktiv olmasında Azərbaycanın müstəsna xidmətinin olduğunu qeyd etmək olar. Eyni zamanda daha öncə Rusiya, Qazaxıstan və Azərbaycan arasında imzalanmış razılaşmanın da bu prosesdə əhəmiyyətli rol oynadığını söyləmək olar. Bu baxımdan Konvensiyanın imzalanmasını ilk növbədə Xəzəryanı ölkələrin, xüsusən də Azərbaycan, Rusiya və Qazaxıstanın uğuru kimi qiymətləndirmək lazımdır.

Mövcud Konvensiya artıq dövlətlər üçün öz milli ərazilərində sərbəst hərəkət etməyə və beynəlxalq hüququn prinsiplərinin tam tətbiq olunmasına imkan yaradır. Eyni zamanda Xəzər dənizinin suları da ticarət üçün açıq olacaq”.

Konvensiyada Xəzərin ekoloji mühitinin qorunması ilə bağlı da ciddi addımların atılmasının nəzərdə tutulmasına diqqət çəkən E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan bununla bağlı ən fəal mövqe nümayiş etdirən ölkələrdən biridir. Mütəmadi olaraq ölkəmiz Xəzərin faunasının qorunması ilə bağlı təşəbbüslərlə çıxış edir:

“Uzun illər ərzində aparılan müzakirələrin uğurlu bir nəticəsi Azərbaycanın da ən böyük uğurlarından biridir. Bu Konvensiya Xəzəryanı dövlətlər arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsinə, Xəzərin sözün əsl mənasında sülh dənizinə çevrilməsinə imkan yaradacaq”.

Babək Cahandarov

Paylaş:
898

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər