TAP-ın tikintisi üzrə işlər maksimum hündürlüyə çatıb
Transadriatik qaz kəmərinin (TAP) tikintisi layihədə nəzərdə tutulan maksimum hündürlükdə - dəniz səviyyəsindən 2,1 kilometr yüksəklikdə aparılır.
1news.az xəbər verir ki, TAP AG konsorsiumundan bildirilib ki, hazırda işlər Albaniyanın Ostrovitsa dağında həyata keçirilir.
Bu yüksək dağlıq ərazidə aparılan tikinti işləri boru kəməri inşasının texniki cəhətdən ən çətin seqmentlərindən biridir.
TAP-ın nümayəndəsi Ceyms Kuper qeyd edib qeyd edir ki, buna baxmayaraq, iş yüksək təhlükəsizlik standartlarına riayət etməklə planlaşdırılan cədvəl üzrə davam edir:
"Bu məntəqədə işin tamamlanması bizim qarşımızda duran əsas mühəndislik vəzifələrindən biridir. Mürəkkəb relyefə baxmayaraq, bu məntəqədə layihənin həyata keçirilməsi cədvəl üzrə davam edir. Biz bütün təhlükəsizlik standartlarına cavab verməyə borcluyuq, təcrübəli işçilərimiz var və müasir texnologiyalardan istifadə edirik. Bütün bu amillər işimizi daha asan və təhlükəsiz edir".
Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.
1news.az