Özbəkistanın Şərq qapısı, Baburun vətəni - Andicandan reportaj | 1news.az | Xəbərlər
Cəmiyyət

Özbəkistanın Şərq qapısı, Baburun vətəni - Andicandan reportaj

14:16 - 28 / 08 / 2018
Özbəkistanın Şərq qapısı, Baburun vətəni - Andicandan reportaj

Fərqanə vadisini nahaq yerə Mərkəzi Asiyanın döyünən ürəyi adlandırmırlar. Bura böyük iqtisadi əhəmiyyətə malik ərazidir, son illər isə həm də turistlərin diqqətini cəlb etməkdədir. Müxtəlif ölkələrdən olan turistlər Fərqanə vadisinə də səfər etməyə başlayıblar. Ərazidə qədim məkanlarla yanaşı, həm də aqroturizmin inkişafı üçün islahatlara başlanılıb. Yaxın gələcəkdə bura aqroturizmi sevənlərin bir nömrəli səyahət ünvanına çevriləcək. Vadidə ekoturizm, qastronimik turizm, ziyarət turizm də inkişaf etdirilir.

Fərqanə vadisinə Fərqanə, Andican, Namanqan və Kokand vilayətləri daxildir. Hər vilayətin mərkəzi eyniadlıdır, vilayətlər şəhər və rayonlara bölünür.

Özbəkistanın baş şəhəri Daşkənddən Fərqanə vadisinə surət qatarları işləyir. Daşkənddən saatda 150-160 kilometr sürətlə irəliləyən “Afrosiyob” surət qatarı Andicana altı saata çatır.

“Afrosiyob” sürət qatarı həm də uzun yolu qısaldır. Belə ki, əvvəllər Fərqanə vadisinə - Andican, Kokand, Fərqanə və Namanqana getmək üçün xeyli yol qət eləmək lazım idi. Amma 2016-cı ildə Angren şəhərini Papa birləşdirən, 19,2 kilometr uzunluğunda Kamçık tuneli istifadəyə veriləndən sonra Daşkənd və ölkənin digər əraziləri ilə Fərqanə vadisinin şəhərləri arasında birbaşa və sürətli əlaqə yaranıb. Özbəkistanın Çinlə birgə tikdiyi Anqren - Pap dəmir yolunun ümumi uzunluğu 123,1 kilometrdir ki, bunun da 19,2 kilometri Kamçık tunelinin payına düşür.

Vadinin ən böyük vilayətlərindən biri Andicandır. Vilayətin eyni adlı mərkəzi şəhəri Fərqanə vadisinin ən qədim şəhərlərindəndir. Qırğızıstanla sərhəddə yerləşən Andican Özbəkistanın dördüncü iri şəhərdir – 450 min nəfər əhalisi var.  Andican vilayətində isə hazırda 3 milyona yaxın insan yaşayır. 4,2 min kvadratkilometr ərazisi olan vilayətdə 14 rayon, iki müstəqil şəhər mövcuddur. Buranı

ÖZBƏKISTANIN ŞƏRQ QAPISI

da adlandırırlar.Tarixi eramızdan əvvəl 3-4-cü əsrlərədək gedən bu şəhər qədimdə Böyük İpək Yolu üzərində mühim ticarət mərkəzi funksiyasını daşıyıb. Üstəlik pambıq və ipək istehsalı ilə də məşhur olub. 1902-ci ildə baş verən dəhşətli zəlzələ şəhəri xarabazara çevirib. Məscidlər və mədrəsələr istisna olmaqla, şəhərdə aparılan tikinti işləri binaların klassik görünüşünü müasirləşdirib.

Bu gün də Andican ənənəsinə sadiq qalaraq Özbəkistanın ən iri sənaye mərkəzlırindən biri olmaqda qalır. Pambıq və ipək istehsalı, emalı və toxuculuq fabrikləri ilə yanaşı, müasir minik avtomobilləri istehsal edən zavodlar da buradadır. Yerli istehsalın payına həm də “Damas”, “Chevrolet” yüngül minik avtomobilləri daxildir. “Damas”lardan ictimai nəqliyyatda taksi kimi də olunur. Qiyməti də münasibdir, yenisi 5-6 min dollar təşkil edir. Andican yaşıllığı, səliqəsi ilə göz oxşayır. Ərazidə üzümliklər, günəbaxan, plantasiyaları, meyvə ağacları xüsusi səliqə ilə salııb.

BABUR ŞAHIN VƏTƏNİ

Andicanın mərkəzində yerləşən Babur şah istirahət mərkəzi həm şəhər əhalisinin, həm də qonaqların ən çox baş çəkdikləri, istirahət etdikləri məkandır. İstirahət məkanının giriş qapısının qarşısı qırmızı-çəhrayı çiçəklərlə əhatələnib. Tən ortada isə Moğol imperiyasının qurucusu və ilk hökmdarı Babur şahın heykəli ucalır. Parkın giriş qapısı Şərq-Moğol memarlığında tikildiyi üçün buranı daha möhtəşəm edib.

Andicanlılar bura həm də istirahət, piknik məqsədilə gəlir, əylənir, özbək milli musiqilərinin sədaları altında rəqs edirlər, xanımlar isə məşhur özbək plovu hazırlayırlar. Yerli əhali deyir ki, buranın plovu bir başqadır. Yəni ən dadlısı məhz Andicanda hazırlanır. Burda hazırlanan plovun düyüsü fərqlidir, qəhvəyi rəngə çalır ki, bu düyü də yalnız Andicanda yetişdirilir. Plovu parkda hazırlayıb qonaqlara ikram edirlər. Lazım olan ərzaqlar isə düyü, qoyun əti, sarı rəngli kök və soğandır. 

Bu parkda qapıdan içəridə, meydanın ortasında böyük Babur şahın taxtında oturmuş formada heykəli ucalır. Bir az yuxarıdakı terras sahədə qədimi üslübü ilə diqqət çəkən kiçik bina, daha yuxarıda isə sərdabə yerləşir. Dağın başına qalxmaq üçün isə sərdabənin hər iki tərəfindən daş pilləkənlər tikilib.

Yeri gəlmişkən, qədimi binada hazırda Babur şahın həyatına dair əşyaların sərgiləndiyi muzey fəaliyyət göstərir. Muzeydə Babur şahın hakimiyyəti zamanı mövcud olan dövlət bayrağı, 

o dövrə aid küp, vaza və digər nümunələr, Moğol əsgərinin istifadə etdiyi qılınc, yay-ox və sair kimi silahların oxşarları, sikkələr, hətta Babur şahın adına təsis edilmiş medal sərgilənməkdədir.

Təpənin zirvəsində isə ağ mərmərdən tikilmiş sərdabənin altında Babur şahın məzarı var. Amma məzarda sadəcə böyük hökmdarın Kabuldakı məzarından götürülmüş torpaq “dəfn olunub”. Şahın əsl məzarı Əfqanıstanda, Kabuldadır. Burada isə belə demək mümkünsə, Babur şaha öz vətənində simvolik məzar salınıb.

Babur 14 fevral 1483-cü ildə Andican şəhərində anadan olub. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Onun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas, anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. 1494-cü ildə atasının ölümündən sonra 12 yaşında ikən Fərqanənin hakimi olub. Babur 1526-cı ildə Böyük Moğol İmperiyasının əsasını qoyub və onun ilk hökmdarı olub.

Dekabrın 26-da  1530-cu ildə Aqrada 47 yaşında vəfat edib. O, müdrik və ağıllı dövlət xadimi,  olmaqla yanaşı həm də şair idi. Baburun devizi belə olub: "Əgər atan gözəl bir qanun yaratmışsa, onu saxla, əgər bu qanun pisdirsə, yenisini yarat".

Babur şah mükəmməl təhsil alıb, elm və sənət adamlarının əhatəsində olub. O, Əlişir Nəvaidən sonra çağatayca yazılmış ədəbiyyatın ən böyük nümayəndəsi  hesab olunur. Baburun eşq, təbiət, gözəllik, sosial həyat, əxlaq və təsəvvüf kimi mövzulara toxunduğu divanın cəmi beş nüsxəsi var. Bunlardan üçü Türkiyədə, biri Fransa, biri isə Hindistanda saxlanılır.

Baburun ən önəmli əsəri çağatayca yazdığı Baburnamə əsəridir. Bu əsərdə Babur uşaqlığından həyatının sonlarına qədər olan hadisələrdən bəhs edib, gəzib gördüyü yerlər, tanış olduğu insanlar və mədəniyyətlər haqqında yazıb, bir çox sərkərdə və dövlət xadimlərini xarakterizə edib.

Böyük Baburun adını daşıyan parkda tikinti quruculuq işləri hazırda da davam edir.

Burada kanat yolu salınıb, uşaqlar üçün pansionat yenidən qurulur, sakinlərin istirahəti üçün kafe-çayxanalar, xeyli uzaqda isə məşhur “Titanik” gəmisinin silueti quraşdırılıb, qədim amfiteatr var.

Özbək milli ornamentləri ilə bəzənmiş nəhəng çaynik və qarşısında sanki çay süzülürmüş kimi, eyni naxışlarla bəzədilmiş iri kasanın maketi quraşdırılıb. Bura gələn hər kəs bu çayniklə kasanın qarşısında mütləq xatirə şəkli çəkdirirdi.

Parkdan ayrıldıqdan bir qədər sonra qarşıdakı küçədə isə diqqətimizi özbək milli ornamentləri ilə bəzədilmiş  yorğan-döşək, yastıqlar, döşəkçələr hazırlanan kiçik sexlər cəlb edir. Təmiz yuyulub-qurudulmuş, emal olunmuş pambıqla doldurulan həmin çeşidlərə maraq böyükdür. Həm də bu məşğuliyyət sadə insanlar üçün gəlir mənbəyidir.

Döşəkər hazırlanarkən bir üzünə ipək örtük çəkilirsə, digər üzü mütləq məxmər olmalıdır. Səbəbi isə budur ki, isti olanda döşəyin ipək üzündən, soyuqda isə məxmər üzündən istifadə edilir.

YUNİSƏLİ BABANIN YARATDIĞI CƏNNƏT

Andicandan təxminən bir saatlıq məsafədə qədim tarixə malik Mərhəmət şəhəri yerləşir. Bura həm də 72 yaşlı Yunusəli babanın öz həyətində yaratdığı cənnətlə məşhurdur. Yolüstü həmin cənnətə baş çəkirik. Bizdən qapıda dayanmağı xahiş edir, bir neçə saniyə sonra isə əlində kiçik ağ parça və özbək milli ornamentli ipək parçanı qapının girişində yerə atır, deyir ki, əziz qonaqlarımızı belə qarşılayırıq. Həmin parça isə sonra qonağa hədiyyə edilir.

Yunisəli baba geniş həyətinə su arxı çəkdirib, həyətdən axan arxın üzərində kiçik istirahət yerləri salıb. Arxda isə yüzlərlə balıq saxlanılır, dediyinə görə qışda çox soyuq olduğu üçün balıqlar payızın sonunda toplanaraq istifadə olunur. Növbəti ilin yazqabağı isə yenidən kiçik balıqlar alınaraq həmin arxa buraxılır.

Həyətdə cığırların yanlarında sırayla əkilmiş “Cənnət” və “Ağ alma” ağacları,üzüm bağı, çiyələk kolları, tərəvəz bağı salınıb. Xüsusi dizaynda budanan ağacların arasında kiçik çardaqlar salınıb. Ailələr burada dincəlir, yemək, çay süfrəsi hazırlayır. Bu cənnətə giriş üçün isə adambaşına sadəcə 1000 som, yəni bizim pulla 25 qəpiyə yaxın vəsait ödəyirlər.

Biz bağda olarkən böyük qələbəlik idi, gəzdiyimiz zaman bizi də süfrəyə dəvət etdilər.

Burda həm də qonaqlar üçün əyləncə proqramı təşkil olunur. Biz orda olan zaman bir ailənin iştirakı ilə proqram təqdim edilirdi.

Belə ki, ailənin 5-6 yaşlı üzvündən tutmuş, böyüklərinə qədər hər biri 16 metr hündürlükdə çəkilmiş ip üzərində sərbəst gəzərək və hətta atılıb-düşür, müxtəlif hərəkətlər edirdilər. Beləcə, gəzdikcə doymadığımız bu gözəllikdən ayrılıb Margilana, qədim şəhəri görməyə gedirik...

Pərvanə Sultanova

Paylaş:
1877

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər