İlahiyyat İnstitutu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Misirin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub.
1news.az xəbər verir ki, görüşün məqsədi institutla Mərkəz arasında əməkdaşlıq məsələlərinin müzakirəsi olub.
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını böyük məmnunluqla qarşıladığını deyib.
Aİİ-nin fəaliyyətini diqqətdə saxladığını bildirən Əhməd Sami Elaydi əməkdaşlıq baxımından bir sıra təkliflərlə çıxış edib. Belə ki, mərkəzin direktoru Aİİ ilə Misir universitetləri arasında əlaqələrin təşkili, təcrübə mübadiləsi, ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, o cümlədən müasir ərəb dilinin tədrisi ilə bağlı bir sıra məsələlərə toxunub.
O, Mərkəzin Aİİ-də ərəb dili və xəttatlıq kurslarının təşkilinə yaxından kömək edə biləcəyini, həmçinin Aİİ tələbələri üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində də 3 aylıq dil kurslarının keçirilməsinin mümkünlüyünü vurğulayıb. Aİİ kitabxanasının ərəbdilli ədəbiyyatla zənginləşdirilməsi məqsədi ilə kitablar hədiyyə edəcəyini bildirib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən danışıb. Rektor ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini vurğulayan rektor, müsəlman ölkələri, o cümlədən ərəb ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirildiyini söyləyib.
C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun yaranma səbəbi, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, hədəfləri haqqında danışıb. İnstitutun ilk tədris ilinə islamşünaslıq və dinşünaslıq ixtisasları ilə başladığını bildirən rektor institutda bununla bağlı ərəb dilinin, ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədris olunacağını qeyd edib. Aİİ rektoru institutun fəaliyyətində dünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəsisələrinin təcrübələrindən bəhrələncəyini söyləyərək Misir universitetləri ilə təcrübə mübadiləsi, tələbə və müəllim heyətinin doktorantura və magistratura pilləsi üzrə təhsil imkanlarından danışıb.
Sonda Əhməd Sami Elaydi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ərəb dilinə tərcümə etdiyi “İşğal altındakı tarixi-dini abidələrimiz” adlı kitabı Aİİ-nin rektoru Ceyhun Məmmədova təqdim edib.
P.Sultanova