Əli Həsənovla Səlim Müslümova vəzifə verildi

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibində dəyişiklik edilib.
1news.az-ın məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, Komissiyanın tərkibində Elçin Əfəndiyevin əvəzinə Baş nazirin müavini Əli Həsənov yer alıb.
Başqa bir xəbərə görə, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə götürülüb.
Modern.az-ın verdiyi xəbərə görə, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub. Nazirin yaxınları sayta bildirib ki, eks-nazirin Bakıdan kənarda olması və səhhətində problemlərin yaranması barədə məlumatlar əsassızdır.
“Ölkədən kənara çıxması barədə deyilənlər yalandır. Səlim Müslümov hazırda elmi işlə məşğuldur. Bu yaxınlarda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyinat alıb. O, əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində də çalışıb. Həmçinin, Səlim müəllimin xarici ölkələrdə də pedaqoji təcrübəsi olub. Rus və ingilis dillərində sərbəst danışa və dərs deyə bilir”.
Milli Aviasiya Akademiyasından S. Müslümovun Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində işlədiyini təsdiqlədilər.
1news.az