Politoloq: Bakının KTMT-də təmsilçiliyi Paşinyanın istəyi ilə olan məsələ deyil

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl növbəti dəfə sərsəm bəyanatla çıxış edib. O bildirib ki, Ermənistan heç vaxt Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında (KTMT) üzvlüyünə imkan verməyəcək.
Ümumiyyətlə, bu mövzu gündəmə gələndən sonra Ermənistanda bir narahatlıq yaşanmaqdadır. Ölkədəki siyasi güclər Azərbaycanın KTMT-də təmsil oluna bilməsini Paşinyanın apardığı siyasi xəttin zəifliyinin nəticəsi hesab edirlər. Paşinyan isə öz nüfuzunu qorumaq məqsədilə təşkilatın nizamnaməsinə uyğun olmayan açıqlama verib.
Məlumat üçün bildirək ki,KTMT yalnız Ermənistandan ibarət deyildir. Təşkilat Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan da təmsil olunur ki, bu ölkələrin hər biri ilə də Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətləri vardır. Təşkilatın qeyd edilən üzv dövlətləri etibarlı və layiqli dost və tərəfdaş ölkə olaraq, Azərbaycanla KTMT arasında əməkdaşlığın inkişafında maraqlıdırlar.
Xatırladaq ki, KTMT-nin nizamnaməsinin 4-cü maddəsinə əsasən, təşkilatın üzvü olmayan digər dövlətlərlə dostluq əlaqələrinin qurulması və inkişaf etdirilməsi vəzifələrdən biri kimi müəyyən edilib. Həmçinin, təşkilatın nizamnaməsinin 21-ci maddəsinə görə, təşkilata üzv olmayan dövlətə müşahidəçi statusu verə bilər.
Üzv ölkə olmasına baxmayaraq, görünür Ermənistan 7 oktyabr 2002-ci ildə qəbul edilmiş KTMT-nin nizamnaməsi ilə tanış deyildir. Həmin sənədin 20-ci maddəsinə əsasən üzv dövlət tərəfindən nizamnamə əsasında öz öhdəliklərini yerinə yetirilmədiyi təqdirdə, onun üzvlüyü dayandırıla bilər. Yəni KTMT-nin Şurası tərəfindən həmin ölkənin təşkilatdan çıxarılması barədə qərar qəbul edilə bilər. Bu halda sözügedən ölkənin səsi nəzərə alınmır.
Digər tərəfdən, Ermənistan Azərbaycanın KTMT ilə əməkdaşlığına mane olmağa çalışdığı təqdirdə, onun öz üzvlüyü bu təşkilatda dayandırıla bilər. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın indiki hakimiyyəti Soros fondunun diktəsi ilə oturub-duraraq KTMT və onun üzv dövlətlərinin nüfuzdan salınmasına xidmət edən siyasət yürüdür. Baş katib Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar insident bunun açıq nümunəsidir.
KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 10 dekabr 2010-cu ildə yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair müqavilənin 1-ci bəndinə uyğun olaraq, “iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər”. Bu əsasda da Azərbaycana qarşı gücdən istifadə edərək, hərbi təcavüz törətmiş dövlət olaraq, Ermənistan KTMT əsasında üzərini götürdüyü öhdəliklərini kobud şəkildə pozub.
Mövzunu 1news.az-a şərh edən politoloq Arzu Nağıyev deyib ki, Paşinyan KTMT-də müşahidəçi qismində Azərbaycanın da təmsil ola bilməsinə dair suala məhz parlament debatlarında cavab verdi:
“Respublikaçlar Partiyası ona müraciət etdi ki, hakimiyyətiniz dövründə Azərbaycan diplomatiyası irəli getdi, inkişaf etdi və artıq KTMT- yə üzv olmaq istəyir. Yəni sizin xarici diplomatiyanız məğlub oldu. Məhz bu suala cavab vermək üçün o, belə bir siyasi gediş etdi ki, Azərbaycan KTMT-yə heç müşahdəçi üzv ola bilməz.
Lakin məlum məsələdir ki, KTMT-yə istər müşahidəçi, istərsə də üzv olmaq konsensusla həyata keçirlir. Nizamnamənin müvafiq maddəsinə uyğun olaraq təşkilata üzv bütün dövlətlər öz fikirlərini bildirməlidirlər. Məlum məsələdir ki, ayrı-ayrılıqda bu qurumun üzvləri, istər Belarus, istər Qazaxıstan, istərsə də digərləri Azərbaycanla çox gözəl münasibətə malikdirlər. Hətta bizimlə silah satışı sahəsində əməkdşlıq edən partnyotlar da var”.
Politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Qazaxıstan, Belarus daim Azərbaycanı dəstəkləyib:
“Eyni zamanda Rusya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Yəni, bu tək Ermənistanın, Paşinyanın istəyi ilə olan məsələ deyil. Sadəcə olaraq seçkiqabağı Paşinyan başqa bir cavab da verə bilməzdi. Və o, heç bir hüquqi əsası olmayan cavab verdi. Əsas məqam ondan ibarətdir ki, siyasi variantlara getməklə, özünü sığortalayır, istər “Tsarukyan” bloku istərsə də Daşnakstyun, Respublikaçılar Partiyasına müəyyən bir cavab verə bilsin. Əsas məqam budur”.
A.Nağıyevə görə, KTMT ilə bağlı qərarın qəbulu Azərbaycanın müstəsna hüququdur: “Bu gün məlum məsələdir ki, Azərbaycan heç bir hərbi blokun üzvü deyil. Öz balanslı siyasətini aparır və əsas budur ki, hansısa qurumda üzvlük biz nəyi qazandıracaq. Düşünürəm ki, Azərbaycan götür-qoy etdikdən sonra təşkilatla bağlı mövqeyini açıqlaya bilər. Çünki qarşılqılı olaraq Rusya da daxil olmalqla, üzvlərlə bizim çox mühüm əlaqlərimiz var. Istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan. Bununla belə, Azərbaycanın bu gün orda təmsil olunmasına vacib məsələ kimi baxılmır”.
1news.az