Tovuzda 47 yaşlı kişidən iyrənc əməl: hazırlıqdan gələn 11 yaşlı qızı yerə yıxıb...

Dünən Tovuz rayonunda orta yaşlı kişinin küçədə yeniyetmə qızlara hücum edərək onları zorlamağa çalışması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, rayonun Yuxarı Öysüzlü kəndində yolun kənarında 2 qıza hücum edərək onlardan birini yerə yıxaraq zorlamağa çalışan 1971-ci il təvəllüdlü Mehralıyev Raqif Vaqif oğlu haqqında Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hadisələri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanılıb. Əməli sübuta yetiriləcəyi təqdirdə onu səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bildirilir ki, hadisə iki qız məktəbdənkənar hazırlıq kursundan evə qayıdarkən baş verib. Ətrafda heç kimin olmamasından istifadə edən 47 yaşlı Raqif Mehralıyev sərxoş vəziyyətdə qızlara hücum edib. O, əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M.-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamağa cəhd edib. Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib.
Hadisə vaxtı yeniyetmə qız müxtəlif dərəcəli xəsarətlər alıb. Raqif Mehrəliyev isə tutulub.
1news.az