Mikayıl Müşfiqin edam hökmünü icra edən cəllad boş gilizləri evində saxlayırmış

Görkəmli Azərbaycan şairi, Stalin repressiyalarının qurbanı olmuş Mikayıl Müşfiqi güllələyən NKVD cəlladı 10 il bundan qabaq şərti adla yerli qəzetlərdən birinə müsahibə verərək edamla bağlı bəzi təfərrüatları açıqlamışdı.
1news.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında şairin ehtimal olunan qalıqlarının Bakının Puta qəsəbəsində, NKVD-nin və daha sonra KQB-nin qeyr-rəsmi məzarlığında aşkarlanması barədə xəbərə münasibət bildirərkən filologiya elmləri namizədi Firudin Qurbansoy deyib.
Firudin Qurbansoyun sözlərinə görə, Müşfiqin qətlini icra edən cəllad uzun ömür yaşayıb-96 il. Uzun illər Dövlət Təhlükəsizlik Komitəsində çalışıb.
“Qətli yerinə yetirən şəxs 2008-ci ildə müsahibə vermişdi, onun müsahibəsi adının dəyişdirilməsi şərti yayımlanmışdı. Deyilənə görə Müşfiqin portretini evindən asıbmış, ona atdığı üç güllənin gilizini də ömrünün sonuna qədər saxlayıbmış. Həmin şəxsin oğlunun keçmiş Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifədə işlədiyi deyilirdi”-Qurbansoy deyib.
1news.az