Nazir: Təhsilə qoyulan sərmayə hər il ölkəyə 10 faiz əlavə gəlir gətirir

Bu gün ADA Universitetində VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Gələcəyə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” adlı dəyirmi masa keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası"nın yaradılmasını çox vacib addım kimi dəyərləndirib. O, bu gün bir çox xarici ölkələrin tələbələrinin Azərbaycanda təhsil aldığını söyləyib:
"Xarici tələbələrin ADA Universitetində oxuması təsadüfi deyil. Çünki bu ali məktəb özünü artıq dünyaya tanıda bilib. Eyni sözü Azərbaycan Dövlət Neft və Sənaye Universiteti haqqında da deyə bilərəm".
ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, hazırda Ada Universitetində 40 ölkədən 99 tələbə oxuyur. ADA Universitetinin çox yaxşı akademik nailiyyətlər əldə etdiyini deyən rektor Azərbaycanda çox yaxşı kadrların olduğunu, ona görə də gələcəyə ümidlə baxdıqlarını söyləyib.
Təhsil naziri Ceyhun Bayramov deyib ki, təhsilə hər il qoyulan sərmayə sonralar hər il ölkəyə 10 faiz əlavə gəlir gətirir. Nazir əlavə edib ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır:
"Son illərdə insanların ali təhsil almaq imkanları daha da yaxşılaşır. Azərbaycanda çox yaxşı təhsil islahatları aparılır".
C.Bayramov bildirib ki, hazırda ölkəmizdə 6000-dən çox xarici tələbə təhsil alır. Onun sözlərinə görə, beynəlxalq təqaüdlərin sayının artması Azərbaycanda təhsil alan xarici tələbələrin sayını daha da artıracaq.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib ki, Bakı Humanitar Forumuna dünya səviyyəsində yüksək maraq göstərilir. Bu forumun birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirdiyini bildirən akademiya prezidenti əlavə edib ki, ictimai tərəqqinin əsas təkanverici qüvvəsi elmdir. Elm cəmiyyətin problemlərinin həllinə çox kömək edə bilər:
"Ümumiyyətlə, 21-ci əsr fizika əsri adlandırılır. Lakin biologiya sahəsi getdikcə daha çox dəyər qazanmağa başlayıb. Biologiya sahəsində olan tədqiqatlar dəfələrlə çoxalıb. Yaxın illərdə molekulyar biologiya sahəsində də ciddi irəliləyişlər gözlənilir . Bu gün IKT-nın inkişafı bizim həyatımıza çox təsir edib. Bu gün bütün dünyada humanitar elmlərə daha az diqqət göstərilməyə başlanılıb. Texniki sahələrə isə diqqət artıb".
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, humanitar forumun əsas məqsədlərindən biri insanlar arasında diaqloqların qurulmasıdır. Onun sözlərinə görə, qarşıda duran əsas məqsədlərdən biri də diaspor komitələri ilə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirməkdir:
"Bunun üçün şəbəkələndirmənin gücləndirilməsi vacibdir. Xaricdə yaşayan ziyalı, intellektual azərbaycancanlılarla əlaqələrin yaradılması çox önəmlidir. Bizim üçün vacibdir ki, xaricdə yaşayan azərbaycanlılar öz övladlarına Azərbaycan dilini və tarixini öyrətsinlər".
Daha sonra Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası"nın təqdimatı keçirilib.
P.Sultanova