“İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının finalı olub - FOTO

Heydər Əliyev Mərkəzində bu ilin aprel ayından etibarən icrasına başlanılan “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının finalı olub.
1news.az xəbər verir ki, final mərasimində dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, startapçılar və tələbələr iştirak ediblər.
Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan innovativ məhsul və xidmətlərin nümayiş olunduğu “İnnoEkspo” sərgisi və “Azərmarka” MMC-yə məxsus stenddə sərgilənən marka və suvenirlərlə tanış olublar.
Daha sonra startap turunun final mərhələsi başlayıb. 8 regionu əhatə edən startap marafonuna dair videorolik nümayiş olunub.
Təbdir iştirakçılarını salamlayan aparıcı Murad Dadaşov çıxış üçün sözü Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə verib.
Layihənin reallaşdırılmasına dəstək olan Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə, Azərbaycan Gənclər Fonduna, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına, “Microsoft” və “Azercell” şirkətlərinə, eyni zamanda, ali təhsil müəssisələrinin rəhbərlərinə yaratdıqları şərait üçün təşəkkürünü bildirən nazir qeyd edib ki, 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. O bildirib ki, ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb.
“Ölkəmizin 16 ali, 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. Biz çox şadıq ki, gənclərimiz, tələbələrimiz innovativ inkişafa böyük maraq göstərirlər. Çünki müasir dövrdə innovativ düşüncəli gənclərə böyük ehtiyac var, nazir deyib.
Onun sözlərinə görə, bu tədbir onu göstərir ki, gənclərimiz informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyalarının reallaşdırılması üçün də istifadə edirlər:
“Bildiyiniz kimi, nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nazirlik İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı vasitəsilə startaplara biznes ideyalarının reallaşdırılmasına dəstək verir. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşünmə tərzini inkişaf etdirmək, gəncləri aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçiririk.
Layihə çərçivəsində nazirliyin koordinatorluğunda informasiya və kommunikasiya texnologiyaları sahəsində “İnvestorlar klubu” yaradılıb. Bu klub eyni zamanda startapçıların ideyalarının reallaşdırılmasına dəstək ola bilər”.
Daha sonra nazir finalda yarışacaq komandalara uğurlar arzulayıb.
15 finalçı müəyyən olunmuş ardıcıllıq üzrə layihələrini 3 dəqiqə ərzində münsiflər heyəti qarşısında təqdim etdikdən sonra onlara ünvanlanmış sualları cavablandırıblar.
Təqdimatlardan sonra bütün komandalar startap turunda fəal iştiraklarına görə sertifikatlarla təltif edilib.
Münsiflər heyətinin qərarı ilə startap turunun respublika üzrə qalibləri “Gonex”, (I yer) “ Smart Reaktor” (II yer) və “Noahland” (III yer) komandaları olub.
“Gonex” – Bakı Mühəndislik Universitetinin tələbələrinin layihəsidir.
İnformasiya Texnologiyaları üzrə onlayn və real layihələr üzərində çalışaraq təcrübə əldə edə bilmək üçün unikal platformadır.
Sumqayıt şəhərini təmsil edən “Smart Reaktor” layihəsi isə tullantılardan alternativ enerji əldə edilməsinə yönəlib.
Naxçıvanı təmsil edən “NoahLand” layihəsi ekstremal idman növlərinin və düşərgələrin bir portalda cəmləşdirilməsinə xidmət edir.
I yerin qalibi 10 min manat, II yerin qalibi 5 min, III yerin qalibi isə 2 min 500 manat məbləğində mükafatlandırılıb.
“Azercell”, “Microsoft Azərbaycan” şirkətləri və “Kapital Bank” startapçılar arasından ən çox bəyəndikləri layihələrə hədiyyələr təqdim ediblər.
Belə ki, “Azercell” şirkəti “Mayak”, “Microsoft” şirkəti “Xilaskar Qolbaq”, “Kapitalbank” “Şəki tur” və “Guide to” layihələrini seçərək mükafatlandırıb.
Milli finalda qalib gələcək layihə sahibləri 4-7 dekabr tarixlərində təşkil ediləcək 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə ediblər.
“İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turlarının növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.
Reklam hüququnda