BANM-da “Mühəndislər üçün biznes təhsili”nə start verildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-da “Mühəndislər üçün biznes təhsili”nə start verildi – FOTO

14:30 - 08 / 11 / 2018
BANM-da “Mühəndislər üçün biznes təhsili”nə start verildi – FOTO

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) və  BP şirkətinin birgə təşkilatçılığı ilə “Mühəndislər üçün biznes təhsili” layihəsinin açılış mərasimi keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, açılış mərasimində BANM-ın rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda iştirak üçün xüsusi seçilmiş tələbələr iştirak ediblər.

Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır.  Proqram mühəndislik üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur və tamamilə ingilis dilində həyata keçiriləcək. Layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrə olunmasına şərait yaradacaq.

Açılış mərasimində çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu cür layihələr mühəndislik üzrə təhsil alan tələbələrə menecment və biznes sahəsində geniş bilgilər verəcək və yalnız proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək.

Proqramı tədris etmək üçün  layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitləri hazırlanıb.

Universitetlər arasında böyük marağa səbəb olan proqrama müraciət edənlərdən 200-ə yaxın tələbə seçilmişdir. Altı qrupdan ibarət olan iştirakçılar noyabr ayının 12-dən ilk təlimlərə başlayacaqlar.

“Mühəndislər üçün biznes təhsili”nin proqramına Təqdimat və kommunikasiya bacarığı, Layihələrin idarə edilməsi, Vaxtın idarə edilməsi və effektivlilik, Liderlik, Risklərin idarə edilməsi, Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət, İnsan resurslarının idarə olunması kimi modullar daxildir.

S.Xankişiyeva

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər