İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə təqribən 32 milyard dollar xərclənib
Cari il sentyabr ayının sonunadək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə tərəfdaşlarla birgə təxminən 31,8 milyard dollar sərf edilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib.
“Sentyabr ayının sonuna kimi “Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclərindən 18,2 milyard ABŞ dolları, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə 4,3 milyard dollar sərf olunub. Trans-Anadolu (TANAP) layihəsinə 5,7 milyard dollar, “Trans-Adriatik” (TAP) layihəsinə isə 3,2 milyard avro (təqribən 3,6 milyard dollar) xərclənib”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.
Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya çatdırılması nəzərdə tutulur.
S.Xankişiyeva