Energetika nazirinin müavini vəzifəsindən azad edilib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli Sərəncamı ilə Natiq Balaş oğlu Abbasov energetika nazirinin müavini vəzifəsindən azad edilib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Natiq Abbasov 1968-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun İnşaat mühəndisi ixtisasını bitirib.
1991-1999-cu illərdə "Karvan" Kiçik Müəssisənin İstehsalat şöbəsinin müdiri olub.
1999-2006-cı illərdə "Azəriqaz" QSC-nin Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinin Yasamal rayon İstehsalat Qaz Vahidliyinin 6 saylı Qaz istismar Sahəsində sahə rəisi, abonent qrupunun rəisi, Dövlət Qaz Nəzarəti İdarəsinin Şəhər və rayon qaz təsərrüfatlarının etibarlı və təhlükəsiz istismarına nəzarət şöbəsinin qrup rəhbəri, "Azəriqaz" QSC-nin Nəsimi Qİİ-nin QQS və H-ti şöbəsinin abonent qürupuna 9-cu dərəcəli mühəndis-proqramlaşdırıcı vəzifələrində çalışıb.
2006-2007-ci illərdə "Karvan Tikinti Quraşdırma" MMC-nin icraçı direktoru olub.
2007-2009-cu illərdə Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Rəis müavini-Baş Dövlət müfəttişinin müavini kimi fəaliyyət göstərib.
2009-cu ildən energetika nazirinin müavini vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.
S.Xankişiyeva