Nazir: Beynəlxalq daşımaların iştirakçıları sərhəd-keçid məntəqələrində birbaşa viza əldə edəcəklər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Beynəlxalq daşımaların iştirakçıları sərhəd-keçid məntəqələrində birbaşa viza əldə edəcəklər

17:02 - 23 / 11 / 2018
Nazir: Beynəlxalq daşımaların iştirakçıları sərhəd-keçid məntəqələrində birbaşa viza əldə edəcəklər

Azərbaycan Prezidentinin Türkmənistana səfəri çox uğurlu oldu. Səfər zamanı 21 sənəd imzalanıb ki, bunların da 9-u nəqliyyat və yükdaşımalar sahəsinə aiddir.

1news.az xəbər verir ki, bu barədə  iqtisadiyyat naziri Şahin Mustafayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, imzalanmış mühüm sənədlərdən biri “Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş”dir. Həmin sənəd əsasən dəniz, avtomobil, dəmir və hava yolu, multimodal daşımaların gələcək inkişafına, tərəflərin tranzit və idxal-ixrac yüklərin daşınması məsələsinin operativ həllinə, aidiyyəti qurumların və operatorların fəaliyyətinin əlaqələndirilməsinə yardım edəcək.

İkinci mühüm sənəd isə “Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin  ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş”dir. O deyib ki, bu sənəd indiyə kimi olan bir sıra probemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Beynəlxalq daşımaların iştirakçıları sərhəd-keçid məntəqələrində birbaşa viza əldə edə biləcəklər.

Nazir bildirib ki, Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin müzakirə edilməsi məqsədi ilə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bu il Azərbaycana səfər edib. Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin bu ilin oktyabrında Azərbaycana səfəri çərçivəsində nəqliyyat sahəsində fəaliyyət göstərən müvafiq qurumların iştirakı ilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı məsələsi müzakirə edilib.

Onun  sözlərinə görə, 2018-ci ilin yanvar-sentyabr aylarında Türkmənistandan Azərbaycan ərazisi ilə qeyri-neft tranzitinin həcmi 190 min ton təşkil edib. Amma bu, Türkmənistandan Azərbaycan vasitəsilə tranzitin ümumi potensialını əks etdirmir və gələcəkdə bu göstərici dəfələrlə artacaq.

O bildirib ki, hesabat dövründə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə tranzit yükdaşımaların həcmi 10 milyon ton təşkil edib. Bunun 8,4 milyon tonu neft və neft məhsullarının, təqribən iki milyon ton isə qeyri-neft məhsullarının tranzitinin payına düşür.

Nazirin sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycan ərazisi ilə tranzit yükdaşımaların həcmi 23 faiz artıb. "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə yükdaşımalar isə 100 dəfə çoxalıb.

Ş.Mustafayev gələn il Hindistanda Transxəzər Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı təqdimat keçiriləcəyi barədə də məlumat verib: "İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı tədbirlər keçirilib. 2019-cu ildə isə belə bir tədbir Hindistanda keçiriləcək".

Nazir vurğulayıb ki, ölkəmizin başladığı bütün iri layihələr uğurla başa çatdırılır. Azərbaycan bütün beynəlxalq öhdəliklərini daim yerinə yetirir. Ölkəmizdə hökm sürən sabitlik də bütün bunlara əlverişli imkan yaradır.

Ş.Mustafayev onu da deyib ki, Azərbaycan Ermənistanı regionda həyata keçirilən bütün nəqliyyat layihələrindən kənarlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Transxəzər Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı təqdimat Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində keçirilib.

P.Sultanova

 

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər