Azərbaycanla Qazaxıstan arasında turizmin inkişafı üzrə iki istiqamət nəzərdən keçirilir
Azərbaycanla Qazaxıstan arasında turizmin inkişafı üzrə iki istiqamət nəzərdən keçirilir.
Bunu 1news.az-a müsahibəsində Qazaxıstanın Milli Turizm Agentliyinin(Kazakh Tourism) vitse-prezidenti Kayrat Sadvakasov deyib.
Onun sözlərinə görə, birinci istiqamət Türk Şurası çərçivəsində əməkdaşlıqdır:
“Şuranın üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə İpək Yolunun bərpası üzərində əməkdaşlıq edirlər. Artıq proqram, marşurut üzərində işlər gedir. Məsələn, İstanbul-Bakı-Aktau-Almatı-Şimkənd marşurutu ola bilər. Proqram hələ tam işlənməyib. Ancaq başlanğıc müsbətdir. Bu isə çox vacibdir. Bizim ölkələri İpək Yolu, oxşar dil birləşdirir və turizm sahəsinin inkişafı üçün niyyət var”.
Kayrat Sadvakasov ikinci istiqamət kimi Xəzər dənizində turizmin inkişafını vurğulayıb. Onun sözlərinə görə, Xəzəryanı ölkələrin-Rusiya, Qazaxıtan, Azərbaycan, İran, Türkmənistanın bu istiqamətin inkişafı üçün istəkləri var:
“Buna təlabat da var. Xəzər dənizinin naviqasiya üzrə xüsusilikləri var. Bütün bunlar bizə kruiz turizmini inkişaf etdirməyə əsas verir. Kruiz turizmi indi dünyada çox populyardır, niyə Xəzər dənizində bu olmasın?! Sınaq üçün2016-cı ildə Rusiyadan bərə gəlmişdi. Yəni, prinsipcə sübut olundu ki, bu, mümkündür. Biz dəniz turizmini Azərbaycan, Rusiya və digər Xəzəryanı ölkələr ilə inkişaf etdirə bilərik”.
O, Azərbaycanla hələlik bu barədə danışıqlar aparılmadığını deyib, əlavə edib ki, bu yaxınlarda Rusiya ilə Qazaxıstan arasında sərhəd əməkdaşlığına dair forum keçirlib və müzakirə edilən əsas məsələlərdən biri Xəzərdə turizmin inkişafı olub:
“Azərbaycanın Xəzər dənizidə turizm sahəsində böyük imkanları var. Hesab edirəm ki, ən azı iki ölkə razılığa gəlsə, digər ölkələr də buna qoşulacaq və dəniz turizmi sahəsində əməkdaşlıq edə biləcəyik”.
Qazaxıstanlı rəsmi Azərbaycanla bu məsələnin müzkirəsinin gələn il gündəlikdə olacağını da əlavə edib.
P.Sultanova