Azərbaycan Beynəlxalq Bankı ən çox mükafat qazanan banklardan biri oldu
Azərbaycan Banklar Assosiasiyası ölkə banklarının bir illik fəaliyyətini təhlil edərək 2018-ci il üzrə bankçılıq mükafatlarının qaliblərini müəyyənləşdirib.
Dekabrın 19-da “JW Marriott Absheron Baku” hotelində bank-maliyyə qurumlarının nümayəndələrinin iştirakı ilə mükafatların təqdimatı mərasimi keçirilib.
Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin nəticələrinə görə bir neçə mükafat qazanıb. Bank “Korporativ sosial məsuliyyət və ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə mükafatla təltif edilib. Azərbaycan Beynəlxalq Bankı bu mükafata ASAN Radio ilə birgə həyata keçirdiyi “100 illik tarix” və “Bank saatı” layihələrinə görə layiq görülüb. Xatırladaq ki, cəmiyyətdə böyük maraqla qarşılanan bu layihələrdən biri – “100 illik tarix” korporativ sosial məsuliyyət layihəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilib. ASAN Radioda efirə gedən “Bank saatı” proqramının məqsədi isə cəmiyyətimizdə maliyyə savadlılığının yüksəlməsinə dəstək vermək, bu sahədə maarifləndirmə işləri aparmaqdır.
Bu il müştərilərinə bir sıra maraqlı texniki-innovativ həllər təqdim edən Azərbaycan Beynəlxalq Bankı “İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyasının da qalibi olub. Bundan başqa, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlının rəhbərliyi ilə fəaliyyət göstərən “Tədris strategiyaları və İnsan Resursları” üzrə ekspert qrupu “Ən fəal ekspert qrupu” nominasiyasında mükafat qazanıb.
Azərbaycan Beynəlxalq Bankının Maliyyə menecmenti departamentinin şöbə müdiri Əli Dadaşzadə isə “Bank-maliyyə sektoruna aid araşdırma və məqalələri ilə fərqlənən bank nümayəndəsi” nominasiyasının qalibi olub. O, belə bir mükafata bu sahədə müxtəlif mövzularda dərc etdirdiyi maarifləndirici xarakterli məqalələrinə görə layiq görülüb.
Mükafatların təqdimatı mərasimində Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova deyib:
“Bu mükafatların bizim üçün mənəvi dəyəri çox böyükdür. İşimizə verilən yüksək qiymət göstərdi ki, layihələrimiz öz məqsədinə çata bilib. Bu isə bizi insanlarımıza fayda gətirəcək yeni-yeni təşəbbüslərə ruhlandırır”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Reklam hüququnda