Doğum gününü məcburi köçkünlərlə keçirən Prezident – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Doğum gününü məcburi köçkünlərlə keçirən Prezident – FOTO

16:00 - 26 / 12 / 2018
Doğum gününü məcburi köçkünlərlə keçirən Prezident – FOTO

Əhalinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılmasının dövlət siyasətinin prioritetini təşkil edir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəldib. Bu qəbildən olan insanlar üçün müasir infrastruktura malik mənzillər tikilib, qəsəbələr salınıb, yeni iş yerləri yaradılıb və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunub.

Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınıb. Məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib.

Kompleksin inşasına bu ilin martında başlanılıb və tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.

Qaçqın və məcburi köçkünlər hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dünən doğum günündə məhz məcburi köçkünlərlə görüşüb.

Dekabrın 24-də birinci xanım Mehriban Əliyeva ilə birgə Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olub.

Daha sonra məcburi köçkünlərlə görüşən dövlət başçısı köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu vurğulayıb:

“Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə böyük işlər görülür, həm Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində, həm də digər şəhər və rayonlarımızda. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilmişdir. Ancaq o da həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var. Onların problemləri də öz həllini tapacaq. Hazırda Dövlətqaçqınkom bu istiqamətdə öz işini davam etdirir, siyahılar dəqiqləşdirilir və növbəti ildə görüləcək işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır. Gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub”.

Bu il bir neçə yerdə köçkünlər üçün yeni şəhərciklərin salındığını diqqətə çatdıran İlham Əliyev onların arasında iki layihəni xüsusilə qeyd edib:

“Bu il Cocuq Mərcanlı qəsəbəsində işlərin ikinci mərhələsi başa çatmışdır. Bildiyiniz kimi, keçən il mənim iştirakımla Cocuq Mərcanlıda köçkün qəsəbəsinin açılışı olmuşdur. O vaxt biz 50 evin açılışını qeyd etdik. Qarşıya vəzifə qoyulmuşdu ki, evlərin sayı daha da artmalıdır. Əlavə 100 evin tikilməsi də bu il təmin edildi. Bu, əlbəttə ki, tarixi hadisədir. Çünki uzun fasilədən sonra Cocuq Mərcanlıda həyat yenidən qurulur, vətəndaşlar öz doğma torpağında yaşayırlar, qururlar, yaradırlar. Bilirsiniz ki, orada bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib. Biznes üçün də çox gözəl şərait yaradılıb.

Hazırda 150 evdən ibarət qəsəbə bizim iradəmizin rəmzinə çevrilibdir. Bu qəsəbənin yaşaması, yenidən qurulması onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır ki, tezliklə öz doğma torpağına qayıtsın. Biz bunu Cocuq Mərcanlı qəsəbəsinin timsalında görürük. Çünki uzun illər başqa yerlərdə yaşamış Cocuq Mərcanlı sakinləri imkan olan kimi, əlbəttə, öz doğma kəndinə üz tutdular. Hətta Cocuq Mərcanlını görməyən uşaqlar, yeniyetmələr böyük həvəslə o kəndə üz tutub, orada - doğma torpağında öz həyatlarını qururlar.

Digər layihə Tərtər rayonunun Şıxarx qəsəbəsində tikilmiş şəhərcikdir. O şəhərcik təxminən 1200 mənzildən ibarətdir. Hündürmərtəbəli binalar tikilib. O layihənin də əhəmiyyəti ondadır ki, vaxtilə işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda belə böyük, gözəl şəhərcik tikilib”.

Azərbaycan xalqının işğalla barışmayacağını xüsusi qeyd edən dövlət başçısı Ermənistanın hazırkı durumuna da toxunub:

“Ermənistanın işğalçılıq siyasəti onları ağır vəziyyətdə qoyub. Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində – iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çökdü. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq.

Ermənistanda iqtisadi vəziyyət çox ağırdır və bu il orada baş vermiş hadisələrin əsas səbəbi də səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Demoqrafik baxımdan Ermənistan çox ağır vəziyyətdədir. Bizdə olan məlumata görə, yenə də işğalçılıq siyasəti nəticəsində ölkədən ən azı bir milyondan artıq vətəndaş gedibdir, həmişəlik ölkəni tərk edibdir.

Ümid edirəm, Ermənistan cəmiyyəti və Ermənistanın yeni rəhbərliyi başa düşəcək ki, ancaq Azərbaycan ilə münasibətləri normallaşdırandan sonra Ermənistanda hər hansı bir iqtisadi inkişaf ola bilər. Normallaşma torpaqlarımızın azad edilməsindən asılıdır və bunun əsas şərtidir”.

Prezident İlham Əliyev 2019-cu ilin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola biləcəyini də söyləyib:

“Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır”.

Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşməsi, onların yaşayış şəraiti ilə şəxsən maraqlanması məcburi köçkünlər tərəfindən də yüksək qiymətləndirilir. Məcburi köçkün, Milli Qəhrəman atası Nəriman Həmidov dövlət başçısı ilə görüşü zamanı onu qayğıkeş, hər bir sahənin inkişafına diqqət yetirən rəhbər adlandırıb:

“Cənab Prezident, Siz çox qayğıkeş, hər bir sahənin inkişafına diqqət yetirən rəhbərsiniz. Bizim bir el misalı var: Ad günü olana hədiyyə verərlər. Amma Siz bunun əksinə hərəkət etdiniz, bu şad gündə, Sizin ad gününüzdə bu gözəl, hər şəraiti olan qəsəbəni Siz bizə hədiyyə etdiniz. Çox sağ olun, çox var olun. Sizə uzun ömür, işinizdə müvəffəqiyyət arzulayıram”.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev Trend-ə deyib ki, Azərbaycanda məcburi köçkünlər daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olub. İlham Əliyev doğum gününü məcburi köçkünlərlə bir yerdə keçirdi və göstərdi ki, bu xoş günündə də məcburi köçkünlərlə bir yerdədir, onların problemlərinin həllinə diqqətlə yanaşır.

B.Əliyev vurğulayıb ki, ən müasir tələblərə cavab verən evlər tikilir və məcburi köçkünlərə verilir: "Bu, Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısının nəticəsidir. Mən ötən gün məcburi köçkün olan seçicilərimi qəbul etdim və qəbula gələn məcburi köçkünlər də cənab Prezidentin onlara göstərdiyi qayğıdan çox razı qaldıqlarını və hər an dövlət başçısının siyasətini dəstəklədiklərini və Prezident ətrafında sıx birləşdiklərini bildirdilər".

Millət vəkili qeyd edib ki, eyni zamanda dövlət başçısı məcburi köçkünlərlə görüşündə bunların müvəqqəti olduğunu, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyini, əmin yerlərdə daha gözəl şəhərlər, kəndlər salınacağını və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarlını vurğuladı: "Cənab Prezidentin bu nikbin və əsaslı çıxışı onun daxili və xarici siyasətinə söykənir. Azərbaycan bütün sahələrdə çox böyük uğurlar qazanıb və 2018-ci il işğal edilmiş torpaqların azad edilməsi iştiqamətində çox böyük irəliləyiş kimi qeyd oluna bilər".

B.Əliyev onu da əlavə edib ki, dövlət başçısı tək məcburi köçkünlərin deyil, əhalinin aztəminatlı təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər böyük işlər görüb və bu gün inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənmiş Azərbaycan dövləti bu potensiala malikdir: "Bütün bunlar isə cənab Prezidentin böyük zəhmətinin və həyata keçirdiyi islahatların nəticəsidir".

1news.az

Paylaş:
889

Son xəbərlər

Bütün xəbərlər