Sükan arxasında telefonla danışan avtobus sürücüsü cəzalandırıldı – VİDEO – YENİLƏNİB

Paytaxtda 187 nömrəli müntəzəm marşrut xətti üzrə (Zirə qəsəbəsi-Koroğlu metrostansiyası) avtobusun sürücüsünün hərəkətdə olan zaman mobil telefondan istifadə edərək qaydaları kobud şəkildə pozmasına dair məsələ nəzarətə götürülərək araşdırılıb.
Bu barədə 1news.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
M.Ağayev bildirib ki, qayda pozan avtobus sürücüsünün Əliyev Natiq Babal oğlu olduğu müəyyən edilib.
Törətdiyi xətalara görə barəsində müvafiq inzibati tədbirlərin görülməsi üçün sürücünün sənədləri və digər zəruri məlumatlar Dövlət Yol Polisinə təqdim edilib. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci (təhlükəsizlik kəmərini bağlamadan avtobusu idarə etdiyinə) və 342.6-cı maddəsinə (nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə) görə sürücü Natiq Əliyevə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı şirkətə də ciddi xəbərdarlıq edilib.
09:50
Bakıda sürücü metronun “Koroğlu” stansiyasından Qala qəsəbəsinə qədər avtobusu telefonla danışaraq idarə edib.
1news.az-ın Xəzər” TV-yə istinadla verdiyi xəbərə görə, 10 dəqiqədən çox telefonla danışan sürücünü avtobusda olan sərnişinlərdən biri çəkib.
Xanım sərnişin sürücüyə telefonla danışmağı barədə irad bildirsə də, o, öz hərəkətinə haqq qazandırmağa çalışıb. Hətta həmin sərnişini avtobusdan düşürməklə hədələyib.
Sərnişin hadisənin dünən axşam saatlarında baş verdiyini və 187 saylı avtobusun sürücüsünün telefonla danışaraq sərnişinlərin həyatını təhlükəyə atdığını deyib.
S.Xankişiyeva