Hüquq müdafiəçiləri: Mehmanın vəziyyətinin kritik adlandırılması doğru deyil

Məlum olduğu kimi Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri, hüquq müdafiəçiləri – Sahib Məmmədov, Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı dünən Bakı İstintaq Təcridxanasında həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüblər.
Hüquq müdafiəçiləri M.Hüseynovla bir saatdan çox söhbət ediblər, onun səhhəti, saxlanma şəraiti ilə maraqlanıblar.
Sahib Məmmədov 1news.az-a açıqlamasında M.Hüseynovun sağlamlıq durumu, hər hansı bir şikayətinin olub-olmaması barədə ətraflı danışıb.
Hüquq müdafiəçisi deyib ki, bloqqer yalnız ayağında ağrıların olmasını dedi, bu isə daha əvvəldən yaranmış bir problemdir, yəni o, damar genişlənməsindən əziyyət çəkir:
“Həmçinin, Mehman Hüseynov bir neçə gün gərginlik keçirib, ac qalıb deyə mədəsində qıcıqlanma var və bərk yeməklər qəbul etməsi ona pis təsir göstərib. Buna görə də duru yeməklərlə qidalanır.
Biz orda olanda Mehman kamerada yox idi, başqa bir korpusada Beynəlxalq Qırmızı Xaç Komitəsinin(BQXK) üzvləri ilə görüşə getmişdi. Ondan əvvəl isə atası ilə görüşüb, xeyli söhbət edib. Saat yarımdan çox bizimlə görüşdə oldu. Çay süfrəsi arxasında oturub söhbət etdik”.
S.Məmmədov deyib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidməti ayağındakı problemə görə onun müalicə müəssisəsinə yerləşdirilməsini və ehtiyac olarsa, əməliyyat olunmasını təklif edib:
“Müalicə müəssisənin bunun üçün kifayət qədər potensialı, həkim heyəti var. Əgər istəsə, məhkumun, yaxud təqsirləndirilən şəxsin vəsaiti hesabına kənardan da həkim gətirmək olar. Mehman isə deyir ki, onun planı martın 2-də azadlığa çıxıb, müalicəsi ilə məşğul olmaqdır, buna görə də təklifdən imtina edib. Bu da onun hüququdur, bir söz demək olmaz. Mehmanın 28 yaşı var, cavan adamdır və sağlamlıq durumu ilə bağlı əsaslı şikayətləri yoxdur. Hər halda bizə dedikləri bundan ibarətdir”.
S.Məmmədov təəsüflə bildirib ki, dünəndən Mehmanın qardaşı Emin Hüseynov onları söyməyə başlayıb:
“Emin Hüseynov internet TV-lərin birində deyir ki, aclığın növləri var, qismən yeməkdan imtina etmək və s. Bəli, Mehman müəyyən yeməkləri qəbul etmir, bu isə aclıq aksiyasına görə deyil, pəhrizdir. Mədəsindəki problemə görə. Qardaşı isə yalandan manupulyasiya ilə məşğuldur. Mehman kəsmik yeyir, dünən təklif etdik ki, balla bərabər qəbul etsin, dedi ki, varıdır, atası gətirib. Mən Mehmanın sözlərini deyirəm, bunları sübut etmək imkanmız da var. Orda digər hüquq müdfiəçiləri də olub. Mehmanın sözü bundan ibarət oldu ki, niyyəti sağlamlığını tam bərpa etmək, ayağının müalicəsi, azadlığa çıxmaq istəyi və bunun üçün də müdafiəsini təşkil etməkdir”.
Hüquq müdafiəçisi Mehman məsələsində iki qrupun ortada olduğunu düşünür:
“Bir qrup doğurdan bu məsələ ilə maraqlanır. Neçə adam dünəndən zəng edib, mənə təşəkkür bildirib, mesaj qutuma yazıb. Bir qrup isə bu aksiyadan faydalanmağa çalışır. Biz Mehmanla görüşüb özünün istəyi ilə şəkil çəkdirdik. Ona daha əvvəl Konstitusiyanın maddəsini izah etdik ki, icazəsi olmadan adından heç nə, o cümlədən şəkilləri yayıla bilməz. Hamısını izah etdik. Dedi ki, əksinə, bunları istəyirəm, yaysanız minnətdar olaram. Biz də onu yaymışıq. Amma görünür ki, qardaşı, o cümlədən bir çox başqa qüvvələr üçün bu, maraqlı deyil.
Kanal 13 internet TV-nin əməkdaşı Əziz Orucuov cəzaçəkmə müəssisəndə olanda onunla bağlı hər hansı aksiya edən zaman Avropada yaşayan qardaşı Anar bizə minnətdarlıq bildirirdi, mesaj qutusuna yazırdı. Onun doğurdan da qardaşına canı yanırdı. Əsas məqsədi qardaşının azadlığa çıxması idi. Kim də o istiqamətdə nə yazırdı, nə edirdi, ona minnətdarlıq bildirirdi. Emin Hüseynov isə söyür. Ən azı susa bilərdi. Başqaları bundan istifadə edirsə, anlamaq olar, amma söbət öz doğma qardaşından gedir axı. Emin deyir ki, ona görə qardaşını tutublar, amma yalan danışır. Məsələ ondadır ki, bunlar üç qardaşdırlar, ortancıl qardaşı hüquq-mühahifizə orqanlarında çalışır, zabitdir, 20 il iş stajı var. Mehman özü də bunu dedi, vurğuladı ki, Eminin ona dəxli olmamlıdır. Yəni, bunları ailəvi təqib edirlər və s. boş söhbətlərdir”.
S.Məmmədov deyib ki, Mehmanın saxlanma şəraitindən heç bir şikayəti yoxdur:
“Ona qarşı heç bir pis rəftar olmayıb, kamerasında baxdıq, 4 nəfərlik yerdə iki kamera yoldaşı var idi, pəncərəni açıb içərini havalandırırdılar, kamera istiliklə tam təmin olunub, su, sanuzel sistemi öz qaydasındadır, televizor var, 18 kanalı tutur və gecə saat 4-ə kimi baxmaq imkanı var. Yəni demək olar ki, səhərə qədər. Mehman özü dedi ki, yaganə problemi azadlığa çıxmasıdır”.
Hüquq müdafiəçisi S.Bənənyarlı da 1news.az-a bildirib ki, M.Hüseynovun durumu normaldır, özü gəzir, danışır, həmin gün atası ilə, BQXK nümayəndələri ilə də görüşüb:
“Bizimlə bir saatdan çox söhbət etdi, saxlanma şəraiti ilə maraqlandıq, heç bir şikayətinin olmadığını dedi. Yeganə şikayəti barəsində açılan ikinci cinayət işidir və buna etiraz edir. Duru yeməklər, süd məhsulları qəbul edir. Hərəkətləri, danışıqları adekvatdır.
Onun vəziyyəti kritik adlandıılması doğru deyil, əgər durumu kritik olsaydı yataq şəraitində olardı. Müəyyən ağrıları, çətinliyi olsaydı bilərdik, dəfələrlə vəziyyətini soruşduq, özünü normal hiss etdiyini söylədi".
1news.az