Gürcüstanın “TBC Bank”ı çirkli pulların yuyulmasında ittiham olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gürcüstanın “TBC Bank”ı çirkli pulların yuyulmasında ittiham olunur

17:03 - 09 / 01 / 2019
Gürcüstanın “TBC Bank”ı çirkli pulların yuyulmasında ittiham olunur

Azərbaycanda kredit təşkilatı olan Gürcüstanın böyük banklarından biri “TBC Bank”ın fəaliyyətində çirkli pulların yuyulması əlamətləri və digər qeyri-qanuni əməllər aşkar olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə prokuror Salome Çikobava bildirib.

O deyib ki, Maliyyə Monitorinqi Xidməti “TBC Bank”ın 2018-ci ilin may ayında maliyyə və hüquqi şəxslər, inzibatçılar və ayrı-ayrı səhmdarların fəaliyyətlərini tədqiq etməyə başlayıb: “Xidmət belə bir nəticəyə gəlib ki, bu fəaliyyətlərdə qanunsuz gəlirin leqallaşdırılması, pul yuma və digər qeyri-qanuni hərəkətlərin əlamətləri açıq-aydın görünür”.

Materiallar baxılması üçün ölkənin Milli Bankı və Gürcüstan Prokurorluğuna təqdim olunub. Milli Bank səlahiyyətləri çərçivəsində məsələni araşdırıb və qanun pozuntularına müvafiq reaksiya verib.

Baş Prokurorluq 2018-ci ilin avqustun 2-də qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət işinin istintaqına başlayıb.

 “TBC Bank” isə Baş Prokurorluğun bankdan müsadirə etdiyi sənədlərin 2018-ci ildə həyata keçirilmiş qanuni bank əməliyyatlarına aid olduğunu bildirib.

Gürcüstanın Milli Bankı “TBC Bank”ı artıq 1 milyon lari (375 234 dollar) məbləğində cərimə edib. Banka qarşı əlavə sanksiyaların tətbiq olunub-olunmayacağı hələlik məlum deyil.

S.Xankişiyeva

 

Paylaş:
860

Son xəbərlər

Bütün xəbərlər