Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli filmin təqdimatı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli filmin təqdimatı keçiriləcək

14:56 - 25 / 01 / 2019
Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli filmin təqdimatı keçiriləcək

Yanvarın 28-də Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yollarının və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə həmin akademiyada Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginə həsr edilmiş sənədli filmin təqdimatı keçiriləcək.

1news.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində “Salnaməfilm studiyası”nda çəkilən “Viktor Seryoqin” filminin rejissoru Cəmil Fərəcov, operatoru Nizami Abbasdır.

Qeyd edək ki, Viktor Seryogin 23 mart 1944-cü ildə  Tbilisi şəhərində doğulub. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilmişdi. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olub. Dəfələrlə ordenlərlə təltif olunmuşdu.

Qarabağ müharibəsində adı hər kəsə məlum olan Viktor sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarar, erməni yaraqlılarının postlarına od ələyərdi. Dəfələrlə atəşə tutulmasına baxmayaraq vertolyotu təmir etmiş yeni uçuşlar həyata keçirmişdi. Viktor Ağdərə, Şuşa, Ağdam səmasında özünəməxsus izlər qoymuşdu. Dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşımışdı. 

1992-ci il yanvarın 28-də V.Seryoqinin idarə etdiyi, içərisində 47 sərnişin olan Mi-8 mülki helikopteri ermənilərin atdığı “Stinger” istilik raketi ilə vurulub. Helikopter havada partlayıb, salonda yanğın baş verib. Bundan sonra Viktor Seryoqin artıq yerə enməkdə olan helikopteri Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib, lakin pilot özü, helikopterin heyət üzvləri və bütün sərnişinlər həlak olublar.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı Fərmanı ilə Viktor Vasilyeviç Seryoginə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).

Viktor Seryoqin Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

1news.az

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər