Musa Quliyev: Prezidentin şəhid ailələrini böyük hörmətlə qəbul etməsi cəmiyyətə bir mesajdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Musa Quliyev: Prezidentin şəhid ailələrini böyük hörmətlə qəbul etməsi cəmiyyətə bir mesajdır

16:47 - 28 / 01 / 2019
Musa Quliyev: Prezidentin şəhid ailələrini böyük hörmətlə qəbul etməsi cəmiyyətə bir mesajdır

Azərbaycanda həm dövlət, həm də cəmiyyət tərəfindən şəhid ailələrinə yüksək qiymət verilir, böyük hörmət və ehtiram göstərilir. Bu ehtiramın da ən birinci nümunəsini cənab Prezident göstərir.

Bunu 1news.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə əhali ilə görüşən zaman şəhidlərin Vətən qarşısında göstərdikləri xidmətləri yüksək qiymətləndirməklə yanaşı, Qarabağ müharibəsi veteranlarının və əlillərinin Azərbaycan cəmiyyəti üçün nə qədər qiymətli insanlar olduğunu vurğulayıb və dövlətin, cəmiyyətin bu insanlara hər zaman qayğı göstərməsini vacib hesab edib:

“Təsadüfi deyil ki, cənab Prezidentin 2018-ci ilin aprelində növbəti dəfə prezident seçiləndən sonra verdiyi ilk fərman məhz şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı oldu. Həmin fərmana uyğun olaraq 58 milyon manat vəsait ayrıldı və 10 min nəfərə yaxın şəhid ailəsinə verildi. Bu il isə daha 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Cənab Prezident bu gün şəhid ailələri ilə görüşü zamanı elan elədi və göstəriş verdi ki, 1997-ci ilə qədər vaxtilə sığorta haqları almış, amma sığorta haqlarının məbləği az olan şəhid ailələrinə də əlavə olaraq 11 min manat vəsaitin verilməsi təmin edilsin. Bu, şəhid ailələrinə çox böyük qayğının və diqqətin ifadəsi olmaqla yanaşı cəmiyyətimiz tərəfindən olduqca müsbət qarşılanır. Cənab Prezidentin ölkəmizin Birinci vitse-prezidenti ilə birgə şəhid ailələrini böyük hörmətlə qəbul etməsi təkcə ailələr üçün bir təskinlik deyil, həm də bütövlükdə cəmiyyətə bir mesajdır”.

Millət vəkilinin sözlərinə görə, hər kəs arxayındır ki, onun arxasında Azərbaycan dövləti, Azərbaycan prezidenti dayanıb və onun ailəsinə hər zaman diqqət və qayğı göstəriləcək:

“Bundan əlavə şəhid ailələri üçün müxtəlif imtiyazlar və güzəştlər nəzərdə tutulur, müavinət, yüksək məbləğdə Prezident təqaüdü verilir. Mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə, eləcə də minik avtomobilləri ilə təmin olunurlar. Eyni zamanda şəhid övladlarının ali təhsil müəssisələrində təhsili dövlət vəsaiti hesabına həyata keçirilir.

Bütövlükdə cənab Prezidentin bu gün şəhid ailələrini hörmətlə qəbul etməsi, onlara öz xoş arzularını bildirməsi və yeni fərman verməsi bir daha göstərir ki, bu insanlara cəmiyyət və dövlət başçısı tərəfindən böyük diqqət və qayğı var”.

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur.

Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.

2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

1news.az

Paylaş:
675

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər